Gəncəli boksçu Şahlar Nağıyev son iki ayda peşəkar rinqdə ikinci qələbəsini qazanıb. Dəri əlcək ustası bu dəfə Bakıda təşkil edilən reytinq döyüşündən qalib ayrılıb.
Ötən il aprel döyüşlərində torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinə həsr olunan turnir çərçivəsində Sədərək idman klubunda peşəkar döyüşlər keçirilib. 6 bokçumuzun rinqə çıxdığı yarışda təmsilçilərimiz Gürcüstan və İran idmançılarına qarşı vuruşublar. Reytinq döyüşlərində bölgələrdən yalnız 1 dəri əlcək ustası iştirak edib ki, o da Şahlar Nağıyev olub. 69 kq-da çıxış edən Nağıyev gürcü rəqibi ilə dueldən qalib ayrılaraq reytinq əmsalını daha da yaxşılaşıdırıb.
Şahlar Nağıyev- peşəkar boksçu: “Rəqibim Gürcüstanın tanınmış idmançılarından biri idi. Döyüşüm 4 raunddan ibarət idi. Rəqibim gənc olmasına baxmayaraq, mən onu hər raundda üstələyərək növbəti qələbəmi qazandım. Yarışın axırında simvolik olaraq qaliblərə kubok təqdim olundu”.
Gəncə boks məktəbinin yetirməsi gələn ay daha bir görüş keçirməyi planlaşdırır. Şahlar bu dəfə kəmər uğrunda döyüşəcək.
Şahlar Nağıyev- peşəkar boksçu: “Bizim fikrimiz var ki, dünya kəməri uğrunda görüşlərin Gəncə şəhərində təşkilinə nail olaq. Bu yarış mart ayının sonlarına nəzərdə tutulub. Dəvət edəcəyimiz döyüşçülər ya Belarus, ya da Türkiyədən olacaq”.
Əvvəllər həvəskar boks yarışlarında çıxış edən 34 yaşlı idmançı 2011-ci ildən peşəkar rinqə çıxır və bu vaxta kimi 13 döyüş keçirib. Şahlar Nağıyev bu görüşlərin 10-u nokaut olmaqla, hamısını qələbə ilə başa vurub.
Orxan Cəfərzadə
- Baxış: 3890