• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 14.02.2017 15:21

“Kəpəz” futbol klubunun rəhbərliyi ilə azarkeşlər arasında növbəti görüş keçirilib

KepezTV Player

Gəncə şəhər stadionunda reallaşan yığıncaqda komandanın son çıxışları əsas müzakirə mövzusu olub.

Azarkeşlərin önünə klub rəsmilərindən Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, icraçı direktor Cabir İbrahimov və fanklublarla iş üzrə əlaqələndirici Elmar Əliyev çıxıb. Müxtəlif fanklubların 50-yə yaxın üzvünün qatıldığı toplantıda əsas diqqət komandanın qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında uğursuz iştirakına yönəlib.  

Mikayıl Nərimanoğlu- “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü: “Bilirsiz ki, “Kəpəz” klubunun rəhbərliyi həmişə azarkeşlərlə görüşə üstünlük verir. Çünki komandanın azarkeşləri ötən mövsüm sayçoxluğu, kütləviliyi və son dərəcə dəstəyi, əzmkarlığı ilə ölkəmizdə rekord vurub. Ona görə də azarkeşlərin fikirlərini öyrənmək bizim üçün vacibdir”.

Təxminən 2 saat davam edən görüş fikir mübadiləsi ilə qızğın müzakirələrə səbəb olub. Azarkeşlər çoxsaylı suallarla klub rəsmilərinə müraciət ediblər.  Rəhbərlik fanatları maraqlandıran mövzular barədə fikirlərini bölüşüb, birlikdə təhlillər aparılıb. Eyni zamanda futbolsevərlərə komandanın düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün görülən işlərlə bağlı məlumat verilib.

Mikayıl Nərimanoğlu- “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü: “Bu gün də görüş çox maraqlı keçdi. Azarkeşlərin hər birinin dediyi fikirlər, iradlar, narazılıqları təbii ki, nəzərə alacağıq. Azarkeşlərimizə də komandaya bu cür dəstək göstərdikləri üçün təşəkkürümüzü bildiririk. Onların hər birini sona kimi komandaya dəstək olmağa çağırırıq. Onsuz da hər ev oyunundan əvvəl sonuncu məşqdən öncə biz azarkeşlərlə mütəmadi görüşürük. Ancaq belə geniş əhatəli görüşlər çalışacağıq tez-tez olsun. Onların fikirləri, düşündükləri bizim üçün vacibdir”.

Görüşün sonunda klub rəhbərliyi komandanın azarkeşlərlə bir ailə olduğunu və onların da sayəsində “sarı-göylər”in bu durumdan çıxacağına inandığını bildirib. “Kəpəz”in əvvəlki əzəmətini özünə qaytarması yönündə fanatların xüsusu rol oynadığı vurğulanıb.  

Azad Rəfi