• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 10.02.2017 16:03

"Xıdır Nəbi" Bayramınız Mübarək Olsun!

KepezTV Player

Bu gün "Xıdır Nəbi" bayramıdır. El arasında: "Novruza gedən yol - Xıdır Nəbi bayramından keçir", - deyirlər. Deyirlər, lakin hazırda ölkədə bu bayramı qeyd edənlərin sayı elə də çox deyil. Əməkdaşımız Gülnar Fazilqızı bayramın tarixinə nəzər salacaq, "Xıdır Nəbi" süfrəsinin əsas atributlarından olan "qovut"un hazırlanma qaydası ilə tanışlıq olacaq...

"Xıdır Nəbi" və ya "Xızır İlyas" bir şəxsiyyət olaraq, suyun, küləyin və havanın himayəçisi kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir. Xıdır Nəbi bayramı el adəti ilə "Kiçik çilənin" 10-cu günü qeyd olunur və cüzi fərqlə Azərbaycanın əksər bölgələrində bayram edilir. Gəncədə bu bayramı qeyd edənlərdən biri Ruziyyə Quliyevadır. O, adəti üzrə hər bayram süfrə açır, dost tanışı başına yığır.

Ruziyyə Quliyeva- AMEA-nın Gəncə bölməsinin əməkdaşı, folklorşünas: "Xıdır Nəbi" süfrəsi özünün zənginliyi ilə seçilir. Bu süfrədə xüsusi yeri isə "Qovut" tutur”.

Qovut - qovrulmuş buğda, qoz ləpəsi və şərbətdən hazırlanır. Bu təama zövqə görə gülab, zəfəran, darçın və keşniş toxumu da əlavə olunur.

Buğda və qoz ləpəsi qovrulduqdan sonra üyüdülür, qarışdırılır, üzərinə darçın, keşniş toxumu və az miqdarda duz əlavə olunur. Bir qıraqda şərbət hazırlanır. Şərbətə gülab və zəfəran qatılır. Bura zövqə görə bal və ya doşab da əlavə etmək olar. Hazır olan məhlul qovut ununun üzərinə əlavə olunur, qarışdırılır. Bununla da “Qovut” hazır vəziyyətə gəlir.

Qovudla yanaşı, bayram süfrəsinə boyanmış yumurta və qoğal da qoyulur ki, bu da günəşi simvolizə edir. "Novruza gedən yol - Xıdır Nəbi bayramından keçir", - deyirlər. Bu bayramda açılan süfrə kimi bir sıra ayinlər də icra olunur.

Ruziyyə Quliyeva- AMEA-nın Gəncə bölməsinin əməkdaşı, folklorşünas: “Bunlardan biri hazırlanacaq qovutun ununun gizlədilməsidir.Ona göz, əl dəyməməlidir. Gecədən gizlədilən una səhər baxanda Xıdırın atının nalının və ya özünün barmaq izinin düşdüyünü deyirlər. Bununla Xıdır İlyasın o evdə olması təyin edilir”.

Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə, daha sonra isə xəbərçi çərşənbə və Boz ay gəlir. Boz ayda isə Novruzun xəbərçiləri olan digər 4 çərşənbə qeyd olunur. Özündə xalqımızın ədət-ənənələrini, soy-kökünü ehtiva edən bayramlar xüsusi ilə gözəldir. Onları qorumaq, yaşatmaqsa bizim borcumuzdur.  

Eviniz ruzili, Süfrəniz bərəkətli, Xıdır Bayramınız mübarək olsun!

Gülnar Fazilqızı