• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 10.02.2017 15:13

Gəncədə 15 sürücü sərnişindaşıma qaydalarını pozduğu üçün nəqliyyat işçilərinin "radar"ına düşüb

KepezTV Player

Geyimi qaydasında olmayan, üzünü təraş etməyən, avtobusun salonunu natəmiz saxlayanlar cərimədən qaça bilməyib. Gəncədə 15 sürücü sərnişindaşıma qaydalarını pozduğu üçün nəqliyyat işçilərinin "radar"ına düşüb. Məsuliyyətsiz sahibkarlar barədə də tədbirlər görüləcək. 

Hər bir avtobus xəttə çıxarkən nəqliyyat vasitəsinin sazlığı və təmizliyi ilə yanaşı, sürücünün estetik görünüşü sükan arxasına keçən şəxs kimi sahibkarı da cavabdeh edir. Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsindən şəhərdə ictimai nəqliyyat sahəsində çalışan 6 sahibkardan 2-nin tələblərə riayət etmədiyi barədə açıqlama var.

Elmar Əhmədov- Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin sektor müdiri: “1,23, 29, 33, 38 bu avtomobillərin sürücüləri və sahibkarları qanunun tələblərinə riayət etmirlər. Xahiş edirik ki, bizim 256-05-06 qaynar xəttimiz 24 saat ərzində işləyir. Avtomobilin narahat sürməsi, sürücünün vətəndaşla etik davranış qaydasına riayət etməməsini görüdükdə məlumat versinlər. Yerindəcə sürücünün cəzasını veririk”.

Bəzi sürücülərin işinə yanaşması onu xəttə buraxan sahibkarı da qane etmir.

İsrəfil Nağıyev- sahibkar: “Forma ilə bağlı məlumat verilib. Geyinən də var, geyinməyən də. Amma əksəriyyəti geyinir. Dəfələrlə deyiblər, cəza tətbiq ediblər, düzəlir, yenə də yavaş-yavaş düzələr”.

Avtobus sürənlər düzəlib-düzəlməyəcəyini zaman göstərsə də, keçirilən reydlər sürücülərin tabesizlik göstərdiyini ortaya qoyur. 

Bunun nəticəsidir ki, 15 sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə 50 manat cərimələnib. Bununla belə sakinlər sürücülərlə bağlı vəziyyətin müsbətə doğru dəyişdiyi qənaətindədirlər. 

Qaçay Babayev- sakin: “Hazırda qabağa baxanda yaxşıdır. Sürücülər yaxşıdır, avtobusların da çoxu dəyişilib. Bir- iki dənə marşurut var ki, şəhərdən uzaqda Gülüstan qəsəbəsində köhnə “Qazel”lər var, onları da dəyişdirsələr lap yaxşı olar”.

Suqra Verdiyeva- sakin: “Əvvəlkindən indi yaxşıdı, qabaq çox çətin idi, indi isə yaxşı işləyirlər”.

Gəncədə gün ərzində 33 xətt üzrə 280 avtobus və mikroavtobus sərnişinlərə xidmət edir.

Elnur Vahidoğlu