Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Əməliyyat nəticəsində bu cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini - Vaqif Səfərov və Xaçmaz rayon sakini Elturan Vəlibəyov saxlanılaraq məsuliyyətə cəlb edilib. İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri Yaşıl Dərə yaşayış massivində yerləşən 4 həyət evindən məişət əşyaları oğurladıqlarını və əvvəldən tanıdıqları bir nəfərə dəyər-dəyməzinə satdıqlarını , əldə etdikləri pulları isə aralarında böldüklərini bildiriblər.
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq məişət əşyalarının oğurluq olduğunu bilə-bilə ucuz qiymətə alan Sumqayıt şəhər sakini Məhəmməd Qurbanov da saxlanılaraq məsuliyyətə cəlb edilib.
Saxlanılanlardan Vaqif və Elturan əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıblar və tanışlıqları da cəzaçəkmə müəssisəsindən başlayıb.Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 513