• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 09.02.2017 20:25

Şəmkirdə maşın oğrusu tutulub

KepezTV Player

Əvvəlcə Şəmkir daha sonra Goranboy və Tovuz. Adıçəkilən rayonlarda mağazalara qənim kəsilən şəxs son olaraq həmyerlisinin avtomobilini oğurlayıb. Silsilə cinayətlər törədən Alik ləqəbli oğrunu Şəmkir polisi ifşa edib.Yanvarın 31-i saat 23:00 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsindən avtomobil qaçırılıb. Naməlum şəxs qəsəbə sakini Mehdi Tağıyevin VAZ 21011 markalı avtomobilini yaşadığı evin qarşısından oğurlayıb.

Mehti Tağıyev- zərərçəkən şəxs: “Axşam saat 23:00 radələrində evimin qarşısında maşını saxladım. Səhər 8:00- da qalxdım ki, maşınım oğurlanıb. Dərhal Daxili İşlər Nazirliyinin 102 ximdətinə zəng etdim. Şəmkir polisindən gəldilər”.

Şəmkir polisi maşın oğrusunun kimliyini müəyyən etməyə o qədər də vaxt sərf etməyib. Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində avtomobilin Mehdi Tağıyevin həmkəndlisi 23 yaşlı Əli Yusifov tərəfindən oğurlandığı məlum olub. O və avtomobilin yeri müəyyən edilərək istintaqa təhvil verilib.

Mehrab Məmmədov- müstəntiq: “Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 20 BK 538 dövlət qeydiyyat nişanlı avtomobil Tovuz rayonunun Qovlar şəhəri ərazisində tapılaraq maddi sübut kimi götürülüb və Tağıyev Mehdi Möhsüm oğluna təhvil verilib”.

İstintaq Əli Yusifovun digər oğurluq cinayətini də ortaya çıxarıb. 23 yaşlı gənc mağazalara da qənim kəsilib. Ona bu işdə bir müddət əvvəl Goranboyda saxlanılan həmyerlisi Arzu Əsgərov və Bakı sakini Ağasif Baxışov kömək olub. Marketlərdən xeyli miqdarda nəğd pul, tütün məmulatları, spirtli içkilər və müxtəlif danışıq kartları oğurlayanlar Gəncədə bir müddət kirayənişin yaşamaqla əməllicə kef çəkiblər.

Əli Yusifov- saxlanılan şəxs: “Kür qəsəbəsində 1, Tovuzda 1, Goranboyda 1, Şəmkirin özündə 3-4 mağazaya girmişik. Pul siqaret və kontur götürmüşük. Ayrı heç nə götürməmişik”.

Hazırda Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində Əli Yusifov və onun cinayət ortaqlarının əməlindən zərərçəkənlərin sayı müəyyənləşdirilir. Günahları tam sübuta yetirilərsə dəstə üzvlərini ən azı 7 il dəmir barmaqlıqlar arxası gözləyir.

Natiq Hüseyn