İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə Gəncədə sahibkarlarla görüş keçiriləcək. Məqsəd iş adamlarını şəhərdə yaradılacaq sənaye parkına investisiya yatırmağa təşviq etməkdir. 2016-cı ilin yekunlarının müzakirə edildiyi hesabat yığıncağında eləcə də Gəncədə il ərzində icra ediləcək layihələr barədə məlumat verilib.
Gəncədə Sənaye Parkının yaradılması ilə Det-Al Alüminium kompleksində istehsal olunan yarımfabrikatların hazır məhsula çevrilməsi hədəflənir. Bu istiqamətdə şəhərdə fəaliyyət göstərən sahibkarlardan konkret təkliflər də gözlənilir.
Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “İqtisadiyyat naziri Şahin Mustafayev yaxın günlərdə şəhərimizə gəlməlidir. Burada sahibkarlarla görüş olacaq. Sənaye zonası gəziləcək. Yeni təkliflər nəzərə alınacaq ki, şəhərdə və regionda işsizliyin qarşısı alınsın. Bu məqsədlə yeni zavod və fabrik, o cümlədən kiçik müəssisələrin inşası və istifadəyə verilməsində dövlət dəstəyi xüsusi ilə hiss olunacaq”.
Şəhərdə 5 ulduzlu otelin, 20 hektar ərazini əhatə edən "Gəncə Ticarət Kompleksi"nin, ticarət mərkəzinin, Gəncə Kərpic, habelə "Süni mərmər və Qranit istehsalı" zavodlarının, Ət kəsimi kombinatının davam edən tikintisi də işsizliyin aradan qaldırılması üçündür. Şəhərdə yenidənqurma işləri çərçivəsində 1 və 14 nömrəli tam orta, 4 saylı sanatoriya tipli internat, habelə 2 saylı peşə məktəbləri, eləcə də uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə veriləcək. Eləcə də ...
Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Şah İsmayıl Xətai və Vəli Xuluflu küçəsində olan 7 ədəd 9 mərtəbənin, həmçinin 4 beşmərtəbəli binanın əsaslı təmiri nəzərdə tutulur. Bu sadaladıqlarımdan əlavə 6 bina da var, ümumilikdə 20 binanın əsaslı təmiri planlaşdırılır”.
Hesabat iclasında Gəncəçayın sağ sahilində də bulvarın salınması məqsədiylə ərazidə yaşayan ailələr üçün yeni fərdi evlərin tikintisinin davam etdirildiyi, Gəncə Dövlət Filarmoniyası üçün inşa olunan binanın bu il istifadəyə veriləcəyinə diqqət çəkilib.
Gülnar Fazilqızı
- Baxış: 1695