• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 07.02.2017 16:26

Xörək bişirərkən və saxlayarkən diqqətli olun!

KepezTV Player

Ölkədə baş verən zəhərlənmə halları arasında qidadan zəhərlənmə əsas yer tutur. Hətta ölümə belə səbəb olan zəhərlənmə yeməyin saxlanma şəraitindən də müəyyən qədər asılıdır. Goranboyun Xınalı kəndində ötən həftə baş verən hadisə bunu bir daha təsdiqləyir.

Tək dəm qazı və konservləşdirilən məhsullar deyil, saxlanılma qaydasına düzgün əməl olunmadıqda belə zəhərlənmə və ölüm baş verə bilər. Bunun başlıca səbəbi kimi yeməyin alüminium qazanda saxlanılması göstərilir.

Almaz Tomiyeva- Gəncə şəhər GEM-in şöbə müdiri: “Ümumiyyətlə, alüminium və mis qazanlarda yeməyi isti şəraitdə və ya düzgün olmayan şəraitdə saxladıqda reaksiya gedir və alüminiumda olan zəhərli maddələr qida maddəsinə çökür və insanın zəhərlənməsinə səbəb olur”.

Bu üzdən mütəxəssislər yemək hazırlayarkən və saxlayarkən düzgün seçim etməyi məsləhət görür. Eləcə də belə qazanları alarkən diqqəti əldən verməmək vacibdir.

Müasir zamanda insan sağlamlığını nəzərə alan və gigiyenik tələblərə cavab verən müxtəlif üsullarla qab-qacaqlar hazırlansa da, lakin hazırda da satışda bax belə sovet dönəmindən qalma alüminium qazanlar satılmaqdadır. Və maraqlısı ondadır ki, belə qazanlara alıcılar tərəfindən maraq da var.

Satıcı: “Mağazamızda keramika, teflon, seflon, qazanlar olduğu kimi alüminium qazanlar da var. Əhali yeni üsullarla hazırlanan qazanlara üstünlük verdiyi qədər alüminium qazanlara da üstünlük verir”.
 

Şəhər sakinlərinin mətbəxində belə qazanlardan az deyil. Yaradacağı təhlükədən asılı olmayaraq istifadə olunur.

Şəhər sakini: “Mən evdə alüminium qazanlardan istifadə edirəm. Yeməyi onda bişirirəm, ancaq şirəli qabda saxlayıram”.

Şəhər sakini: “Bişirirəm də, saxlayıram da, heç bir təhlükəsi yoxdur. Neçə ildir işlədirəm”.

Həkimlər də alüminium qazanlardan istifadəni məqsədəuyğun hesab etmirlər. Şüşə və ya emallı qablarda yemək bişirməyi tövsiyə edir.

Elton Cabbarlı