Ağaclar şəhərimizi daha da gözəlləşdirir, havanı oksigenlə zənginləşdirir. Buna görə də onların qorunması vacibdir. Amma bəzən elə ağaclar da olur ki, artıq çoxdan ömrünü başa vurub. Belə ağaclar ətrafdakılar üçün təhlükə mənbəyinə çevrilir. Həm də onlar şəhərin xarici görünüşünə gözəllik yox, xələl gətirir. Bəs bu ağacların taleyi necə olmalıdır?
Poçt qəsəbəsi 49 ünvanında yerləşən binanın önündəki ağac quruyub. Gövdəsinin çürüdüyünü adi gözlə də görmək mümkündür. Sakinlər hər an aşa biləcək bu ağacın kəsilməsini tələb edir.
Kamil Qasımov -şikayətçi: “Ağacın budaqlarından biri düşüb həyətdəki maşına zərər vurub. Digər bir qurumuş budaq isə işıq sistemlərimizi zədələyib. İşıqlarımız 1-2 gün kəsilib. Ağacın aşma ehtimalı var, hər an aşa bilər”.
Müvafiq qurumlara müraciət edilib. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacın kəsilə bilməsi ilə bağlı rəy də verib. Amma rəyin icrası nədənsə uzanır.
Kamil Qasımov - şikayətçi: “Ağacın qəzalı vəziyyətdə olması ilə bağlı müraciət etmişəm. 2 aydır gəlib rəyi icra etmirlər. Şikayətə baxılmır. Ləvazimatlarının, kranlarının olmamasını əsas göstərirlər”.
Şəhərin müxtəlif ərazilərində ömrünü başa vurmuş belə ağaclar var. Sakinlərin özlərinin bu cür ağacları kəsməsi təhlükəlidir. Həm də sakinlər ağacın kəsilməsinə görə onlara tətbiq edilə bilən cərimələrdən ehtiyatlanırlar.
Belə təhlükəli ağaclardan biri də Aydınbəyov küçəsindədir. Bu ərazi insanların gediş-gəlişinin sıx olduğu bir yerdir. Buna görə də ağacın hər an aşması və insanlara xətər yetirməsi ehtimalı var.
Gəncə şəhər 10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsindən məsələyə münasibət öyrəndik. Şöbədən bildirdilər ki, belə ağaclarla bağlı vətəndaşlardan şikayət daxil olduqda onlar ağaca baxış keçirir və əgər həqiqətən təhlükə varsa, bu barədə rəy verirlər. Amma həmin ağacın kəsilməsi onların işi deyil.
Qalib Quliyev – Tənzimləmə sektorunun rəhbəri: “Ağacın budanması və ya kəsilməsi barədə müvafiq rəyi qəbul etmək üçün operativ surətdə həmin ərazilərə baxış keçiririk. İlkin sənədlər tərtib edib Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndəririk”.
Həmin sənədlər şikayətçiyə də təqdim olunur və ona məsələnin kim tərəfindən icra olunacağı barədə məlumat verilir. Bizim situasiyada, yəni Poçt qəsəbəsindəki təhlükəli ağaca gəlincə onun kəsilməsi şəhər Kommunal Birliyin nəzdində olan Yaşıllaşdırma şöbəsi tərəfindən həyata keçirilməlidir. Amma...
Qalib Quliyev – Tənzimləmə sektorunun rəhbəri: “Onların hazırda texniki təchizatı çox zəifdi. Bu səbəbdən də, irigövdəli ağacları kransız kəsmək və ya budamaq mümkün olmur”.
Yeməkdənsə, ümid yaxşıdır, deyirlər. Ümid edirik ki, yaşıllaşdırma şöbəsi nə vaxtsa kran tapacaq. Elə hər gün təhlükəyə məruz qalan sakinlər də buna ümid edir.
İşgüzar Nazənin
- Baxış: 1171