Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan xocalılılar qan veriblər. Aksiya irsi qan xəstələrinə kömək üçün, soyqırım qurbanlarına ruhuna hörmət əlaməti olaraq keçirilib.
"Xocalı şəhidləri - siz vətən uğrunda canınızdan keçdiniz, biz sizin yolunuzda qanımızdan keçirik" deyən Xocalıdan olan məcburi köçkünlər qan verib yaşatmaq üçün donor olub. Müayinə edilən 100-dən çox xocalılının qan analizləri imkan verdiyindən aksiya iştirakçısı olub.
Qalib Quliyev- aksiya iştirakçısı: “Biz də istəyirik ki, qan xəstəliyindən əziyyət çəkən insanlara öz köməkliyimiz dəysin. Bu məqsədlə hər birimiz bu qanvermə aksiyasında fəal iştirak edirik”.
Günün ikinci yarısınadək davam edən aksiyada donorlardan 2 litrə yaxın qan toplanıb.
Məmməd Nağıyev- Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “XX əsrin ən dəhşətli faciəsini yaşamış xocalıların hər birinin mənəvi borcudur qan vermək. Ona görə, hər bir aksiyada könüllü iştirak edirlər. Bir şeyi arzu edərdim ki, belə aksiyalarımız bundan sonra davam etsin, doğma torpaqlarımız işğaldan azad olsun və Xocalımızda bu cür aksiyaları keçirə bilək”.
Mərkəzi Qan Bankının Gəncə Bölməsinin həkimləri tərəfindən yığılan qan irsi qan xəstələri üçün tədarük edilib.
Lamiyyə Qarayeva- Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini: “Xocalı rayonu olaraq müxtəlif səpkili tədbirlər həyata keçiririk fevral ayının 1-dən 20-ə kimi. Bu keçirdiyimiz tədbirlərə daxil olaraq qanvermə aksiyası təşkil olunub. Qanvermə aksiyasında iştirak edən hər bir kəs öz istəyinə uyğun şəkildə qatılıb. Biz bu aksiyanı Xocalı şəhidlərinin ruhuna həsr edirik”.
Xocalıdan olan məcburi köçkünlər ildə 2 dəfə olmaqla qanvermə aksiyalarına könüllü qoşulurlar.
Xaliq Qurbanlı
- Baxış: 791