• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 06.02.2017 14:59

Ağır atletika üzrə seçim yarışlarının növbəti ünvanı Samux olub

KepezTV Player

Ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi başa çatıb. Sonuncu mərhələ Samuxda keçirilib. Əvvəlcə Xırdalan və Lənkəran şəhərlərində baş tutan seçmə mərhələnin yekunu şimal qərb və qərb regionu üzrə olub. Bu bölgələri əhatə edən birincilikdə Samux, Gəncə, Goranboy, Qazax, Yevlax, Şəki və Qax idmançıları iştirak edib. Yarışda 150-yə yaxın ağırlıqqaldıran qüvvəsini sınayıb.

Azad Mustafayev -yarışın baş hakimi: "Yarışlarımızın məqsədi həm idmançılara yarış səhnəsi təqdim etməkdir, həm də seçmə mərhələ yarışları olduğu üçün burada müxtəlif səviyyəli turnirlərə seçimlər də aparıla bilir. Bu yarışlar birbaşa yığma komandanın məşqçilərinin, həmçinin də federasiya rəhbərliyinin diqqət mərkəzindədir. Onlar çox böyük maraqla bu birinciliyin sonunu və bizim rəyimizi gözləyirlər".

Azərbaycan bahadırlarının dopinqə görə bir çox yarışlarda qazandıqları medallar əllərindən alınandan sonra bu idman növünün imici zədələnib. Bu amil bir müddət ağırlıq qaldırmaya axını azaltsa da, son aylarda maraq əvvəlki səviyyəyə qayıdıb.

Azad Mustafayev - yarışın baş hakimi: "Dopinq qalmaqalına qarışan və günahlı-günahsız bu cəzaya məruz qalan idmançılar böyük ziyan çəkir və eyni zamanda da bu ağır atletikanın ölkəmizdəki imicinə də müəyyən dərəcədə təsir edir. İlk vaxtlarda idmançıların zallara axını bir qədər səngimişdi. Lakin bir neçə ay keçdikdən sonra aparılan təbliğat-təşviqat işləri sayəsində həmin tendensiyanı aradan qaldırdıq. Bugünkü gün üçün idmançıların ağır atletika zallarına axını əvvəlki qaydadır".

Seçim mərhələsində bütün yaş qruplarından olan atletlər müxtəlif çəki dərəcələri üzrə körpücük üzərinə çıxıb.

Emin Qocayev -yarışın qalibi: "Bu yarış bizim üçün əhəmiyyətli oldu. Burada öz gücümüzü göstərdik, növbəti yarışlara vəsiqə qazandıq. Bütün rayonlardan güclü rəqiblərim var idi. Əvvəlcədən yaxşı hazırlaşmışdıq. Buna görə də yarışda çempion oldum."

Mərhələ yarışları 2 gün davam edib. Sonda bütün yaş kateqoriyalarında 10 dəst medal sahibinə qovuşub.

İslam Həmrəylik Oyunlarına gedən yol məhz bu yarışlardan keçir. Belə ki, zona birinciliyində böyüklər arasında yer tutan idmançılar Azərbaycan çempionatına vəsiqə əldə ediblər. Mart ayında keçiriləcək həmin yarışlarda isə özünü ən yaxşı tərəfdən göstərən ağırlıqqaldıranlar oyunlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

 

 

Orxan Cəfərzadə