Regionda fəaliyyət göstərən istehsal müəssisələri ali məktəblərlə birgə çalışmalıdır. Bu insan kapitalının inkişafı üçün vacib addımdır. Gəncədə bu addımı ilk atan ali təhsil ocağı Azərbaycan Texnologiya Universitetidir.
Azərbaycan artıq bilik iqtisadiyyatına, innovasiyalı iqtisadiyyata keçid dövrünə qədəm qoyub. Buna bariz nümunə kimi sənaye texnoparkları, aqroparkları göstərmək olar. Rəqabətə davamlı, milli, bazarda Azərbaycana ciddi gəlir gətirəcək məhsulların ixtirası isə qarşıya qoyulan əsas vəzifədir. İnnovativ iqtisadiyyatın təşkilində özəl sektor, dövlət sektoru və təhsil sektorunun iştirakı isə mütləqdir. Bu gün universitetlərdə aparılan elmi- texniki işlərin və nailiyyətlərin bilavasitə istehsala tətbiqi üçün platforma lazımdır. Bunun ən gözəl nümunəsi universitetlərdə yaradılan texnoparklar ola bilər. O texnoparklar ki, orada fəaliyyət göstərən adamlar iqtisadiyyatın müasir dövrün tələblərinə uyğun ehtiyaclarını öyrənib, o yöndə məhsul istehsalına nail ola bilsin. Hazırda ölkədəki universitelərin maddi-texniki bazası belə bir texnoparkın yardılmasına imkan vermir. Ancaq Azərbaycan Texnologiya Univerisiteti 3 tərəfin birgə fəaliyyətini təmin edə bilib.
Səbuhi Yusifov- ATU-nun elm və texnika üzrə prorektoru: "Universitetlər olaraq belə bir alyansın yaradılması şirkətlər universitetlər, hətta Milli Elmlər Akademiyasının fəaliyyətini birgə cəmləşdirib ortaya yeni konsepsiya çıxarıb və onun əsasında fəaliyyət göstərə bilərik. Bunu Təhsil Nazirliyinə də təklif olaraq göndərmişik. Regionda fəaliyyət göstərən müəssisələrdə ortaq inkubasiya mərkəzinin yaradılması ilə bağlı Nazirliklərdən müsbət cavab almışıq".
İlk müsbət cavab "DET-Al" Alüminium MMC-dən gəlib. Metallurgiya kompleksi universitetdə iki laboratoriyanı bu sahə üzrə təhsil alan tələbələr üçün lazım olan bütün avadanlıqlara təchiz edib. Universitetdə 3 ildir metallurgiya mühəndisliyi ixtisası açılıb.
Arif Əsgərov -texnika elmləri fəlsəfə doktoru: "Bu laboratoriyanın yaradılmasında məqsəd ondan ibarətdir ki, bu zavodlar üçün yüksək savadlı tələbələr hazırlamaqdır. Gələcəkdə həmin tələbələr o zavodda işləsin. Bilavasitə o texnoloji rejimləri tələbə bilməlidir. Biz burada əsasən hidrometallurgiya ilə məşğul olacağıq. Biz əvvəllər tələbə konstuksiya materialları texnologiyası fənnini köhnə laboratoriyada keçirdik. Orda onlara metal və ərintilərin xassələrini öyrədirdik. Bu laboratoriyada isə texnoloji rezumelərin seçilməsini tədqiq edirik".
Növbəti təklif Gəncə Avtomobil Zavodu ilə bağlı olub. Müəssisəyə traktor qoşqularının yerli brend adı altında istehsalı ilə bağlı konstuksiya mərkəzinin qurulması təklif olunub. Alimlər, mühəndislər, texnik və texnoloqların birgə işi nəticəsində həmin yerli məhsulların istehsalı planlaşdırılır. Bununla bağlı Müdafiə Sənayesi, Kənd Təsərrüfatı və Təhsil Nazirliklərinə artıq müraciət olunub. Ancaq müəssisələr hələ buna hazır deyil. Çünki bu uzunmüddətli və investisiya tələb edən məsələdir.
Səbuhi Yusifov- ATU-nun elm və texnika üzrə prorektoru: "Yəni şirkətlərin universitetlərin bu istiqamətdə maarifləndirlməsi onların əldə etdiyi nailiyyətlərin kommersiyalaşdırılması yönündə tədbirlər aparılmalıdır. Bunun qanuni çərçivəsi asanlaşdırılmalıdır. Məsələn, bir patentin alınması uzun bir bürokratik prosesdən keçir. Bu məsələ sadələşdirilsə, şirkətlərə, müəssisə və zavodlara birbaşa ixtiyar verilsə ki, onlar texnoloji prosesin tətbiqinə yönəlsinlər bu prosesi daha da asanlaşdırar”.
Qeyd olunanlarla yanaşı, universitetdə İnnovasiya və Sahibkarlıq Mərkəzi də fəaliyyət göstərəcək. Bu da regionda bir ilkdir. Burada “start up”çıların rahatlıqla çalışması və gələcəkdə layihələrinin maliyyələşdirilməsi üçün imkan yaradılıb.
Jalə Qurbanova
- Baxış: 626