Qəza hadisələrinin müxtəlif səbəblərdən qaynaqlandığı heç kəsə sirr deyil. Amma səbəbin bir anlaşılanı olur. Məsələn qeyri-sabit hava şəraiti, anidən qarşıya çıxan maneə, sürət həddinin aşılması və s.. Lakin bunlar bu xəbərin də qəza xəbəri olması anlamına gəlməsin. Çünki bu dəfə dələduzluqdan danışacağıq. Sadəcə bu dələduzun işi bilavasitə magistral yollarda nəqliyyat hadisələrinin baş verməsinə şərait yaratmaq olub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Bakının Xətai rayonunda yerləşən obyektlərdən birində keçirdikləri əməliyyat tədbiri nəticəsində istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini Fərid Şamilov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xüsusi alət və avadanlıqların köməyi ilə köhnə, istifadəyə yararsız şinlərin üzərində yeni izlər açaraq onların təzə təkər adı altında satışını təşkil edib və dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurub.
Şamilovun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertiza tərəfindən verilən rəydə sonradan kustar üsulla cizgilənən həmin təkərlərin istismarının yollarda real qəza şəraiti yarada biləcəyi qeyd edilib. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 852