Ötən il ölkənin ən fəal gəncləri Gəncə gəncləri olub desək bəlkə də yanılmarıq. Avropanın Gənclər Paytaxtı olan şəhərin təmsilçiləri icra edilən layihələr, qazanılan titul çərçivəsində reallaşdırılan tədbirlərlə bunun təsadüf olmadığını ortaya qoymuş oldu.
Gənclər Günü münasibətiylə aldıqları mükafatlar da qədim Nizami yurdunu layiqincə təbliğ etdiklərinə görə təqdim olunub.
Azərbaycan Gənclərinin ən fəal üzvlərindən biri də Mobil Qarayevdir. Gəncə Dövlət Universitetinin tələbəsi olan Mobil bir neçə uğurlu layihənin müəllifidir. “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin könüllülər üzrə koordinatoru, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Gənclər Birliyinin layihələr departamentinin rəhbəri, Gəncə Regional Debat Mərkəzinin proqram koordinatoru, həmçinin təhsil aldığı universitetin “Enactus” komandasının proqram menecerliyini həyata keçirir. Gənclər üçün yaradılan şərait öz işinin öhdəsindən uğurla gəlməsinə imkan verir.
Mobil Qarayev- gənc: “Azərbaycanda gənclərə diqqət və qayğı demək olar ki, dünyada analoqu olmayan bir diqqət və qayğıdır. Çünki Azərbaycanda Gənclər Fondu fəaliyyəti ilə heç bir ölkədə olmayan bir işi görür. Və donor olaraq gənclərin fikirlərini ideyalarını dəstəkləyir”.
Bu dəstəyin nəticəsidir ki, Mobil Qarayev 10 min 152 nəfər gənclə ulu öndər Heydər Əliyevin portreti və imzasını, 6 min nəfərlə 1-ci Avropa Oyunlarının loqosunu, 10 min gənclə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” emblemini canlı olaraq yaratmağa müvəffəq olub.
Müşfiq Cəfərov- Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “Məhz möhtərəm cənab prezidentin apardığı uğurlu siyasət nəticəsində ölkə gənclərinə hər zaman diqqət və qayğı göstərilir. Onların problemləri dinlənilir, məşğulluqla bağlı, təhsillə bağlı bütün məsələlərdə yaxından kömək göstərilir”.
2017-ci ildə də Gəncə gənclərinin qarşısında bir sıra layihələri reallaşdırmaq və uğurla yerinə yetirmək dayanır. Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi də gənclərin üzərinə az iş qoymur. Gənclər günü münasibətiylə baş tutan görüşdə Azərbaycan gəncliyinin onlara göstərilən etimada əməli işləri ilə cavab verəcəklərinə əminlik ifadə edilib və ötən il bu etimadı doğruldanlar mükafatlandırılıb.
Ruhəngiz Hacızadə
- Baxış: 2101