• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1765
— 02.02.2017 15:05

Rayon gəncləri hesabat verdi: Qazanılan uğurlar bu il üçün də yeniliklər vəd edir

KepezTV Player

Samux, Şəmkir və Göygöl gəncləri il ərzində gördüklərin işin hesabatını verib. Gənclərin təşəbbüsü ilə icra edilən layihələr, idman və təhsildə qazanılan uğurlar bu il üçün də yeniliklər vəd edir.

Əhalisinin 33 faizi gənc olan Samuxda 785 nəfər mütəmadi olaraq idmanla məşğuldur. Rayon idmançıları respublika və beynəlxalq yarışlarda 13 qızıl və 10 gümüş medal əldə ediblər. 2 gənc Müdafiə Nazirliyinin əmri ilə vətənə xidmətə görə ordeni, 1-i isə vaxtından əvvəl rütbə almaqla sərhədçi döş nişanı ilə təltif edilib. Samuxlu gənclər respublika səviyyəli müsabiqə və yarışlardan da mükafatlarla qayıdıb. Gənclər gününə həsr edilən tədbirdə rayonda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzinin inşa ediləcəyinə diqqət çəkilib, il ərzində fəallığı ilə seçilənlərə fəxri fərmanlar təqdim olunub.

Rəşad Qarayev- Samux rayon Gənclər və İdman İdarəsinin rəisi: “2016- cı il Samux gəncləri üçün də yadda qalan olub. Müxtəlif idman və bilik yarışlarında əldə etdiyimiz belə deməyə əsas verir. 2017-ci il İslam Həmrəyliyi ilidir. Bu ildə daha çox nailiyyətlər əldə etmək üçün var qüvvəmizlə çalışacağıq”.

Ötən il Azərbaycanın gənclər paytaxtı olan Şəmkirdə də qarşıda duran vəzifələrdən danışılıb, gəncləri narahat edən məsələlər dinlənilib. İl ərzində rayonda bir sıra tədbirlərin baş tutduğu, yerli və xarici gənclər arasında təmasın yarandığı vurğulanıb. Əhalisinin 30 faizi gənc olan Şəmkirdə Olimpiya İdman Kopmpleksinin inşası idmançılar üçün böyük önəm kəsb etdiyi halda, Zəka Gənclərin İntellektual İnkişaf Mərkəzinin yaradılması ilə onların dünyagörüşünün formalaşmasında yaratdığı önəmdən danışılıb.

Emin İsmayılov- Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi: “2016- cı ildə görülən işlər və buraxılan nöqsanlar ətraflı müzakirə olundu. Eyni zamanda 2017- ci il üçün yeni hədəflər müəyyən edildi. Qərara gəlinib ki, 2017- ci ildə dövlət gənclər siyasətinin icrası ilə əlaqədər Şəmkir rayonunda fəallıq təmin olunsun və gənclik cəmiyyətin aparıcı qüvvəsinə çevrilsin”.

Göygöldə isə 18 minə yaxın gəncin 4 mini idmanla məşğul olur. Çaylı kəndində yeni idman qurğusunun istifadəyə verilməsi gənclərin idmana olan marağını daha da artırıb. Gənclər günü münasibətiylə təşkil olunan görüşdə rayon məktəblilərinin bir sıra intellektual oyunlarda və müsabiqələrdə qazandığı nailiyyətlər önə çəkilib. Yarışlara qatılan 50-ə yaxın idmançının Göygölə medalla qayıtması sevinclə qarşılanıb. Qazandıqları uğurla rayonun adını yüksəldən gənclərə fəxri fərmanlar təqdim olunub.

 

Natiq Hüseyn