• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 01.02.2017 13:52

Taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

KepezTV Player

Gecə klublarından birində istirahət edib, spirtli içki içib, taksiyə əyləşib, sonra başqasının hüququnu, haqqını tapdalayıb. Amma, ya həqiqətən, ya da bilərəkdən etdiklərini xatırlamır. Əvvəllər başqasının avtomobilini qaçırdığına görə məhkumluq həyatı yaşayan şəxsin nəyi xatırlamadığını indi siz də biləcəksiniz.

Paytaxtın Suraxanı rayonu ərazisində quldurluq hadisəsi baş verib. Taksi sürücüsü Rəhman Şıxıyevin avtomobilinə əyləşən sərnişin onu bıçaqla hədələyərək, cibində olan 219 manat pulunu aparıb. Zərərçəkən Suraxanı Rayon 32-ci Polis bölməsinə müraciət etdikdən sonra, dərhal axtarışa başlayan hüquq-mühafizə orqanı əməkdaşları hadisədən cəmi 3 saat sonra quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini 34 yaşlı Vasif Qədimovu evində yatmış vəziyyətdə tapıblar. O, elə baş verənləri də yuxulu xatırlayıb. Əvvəllər başqasının avtomobilini qaçırdığına görə məhkumluq həyatı yaşayan Qədimov paytaxtın gecə klublarından birində istirahət etdiyini, orada spirtli içki içməsini və taksiyə əyləşdiyini xatırlasa da, özünün dediyinə görə sonra baş verənləri hafizəsinə gətirə bilməyib.

Faktla əlaqədar Suraxanı rayon Polis İdarəsində CM-nin quldurluq maddəsi ilə başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı