• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1128
— 31.01.2017 16:12

Unudulmaqda olan "Çillə" adətləri…

KepezTV Player

Hələ qədim zamanlardan təbiətdə baş verən proseslər, xüsusən iqlim dəyişiklikləri insanlar tərəfindən diqqətlə izlənilib. Bu hadisələr onların həyatına təsirsiz ötüşmədiyindən təsnifləndirilib, bir növ xalq təqvimi yaradılıb. Həmin təqvimə əsasən qış üç yerə ayrılır: "Böyük çillə", "Kiçik çillə" və "Boz ay". Bəli, bu gün "Böyük çillə" öz yerini "Kiçik çillə"yə verir... Gülnar Fazilqızı unudulmaqda olan "Çillə" adətlərindən danışacaq...
Böyük çillə, nar çillə,

Ağ gül üstə qar çillə.

Taxıllara yorğan ol,

Bağçalara bar, çillə.

Məlumdur ki, payız əkinlərinin qalın qarla örtülməsi onu həm şaxtadan qoruyur, həm də yazda bol su ilə təmin edir. Bu da o deməkdir ki, qış fəslinin əsas atributlarından olan qar - bolluq, bərəkət rəmzi hesab edilir. Qış obrazı insanların təxəyyülündə hər nə qədər qorxulu, qara cizgilərlə canlansa da, qədim zamanlardan onun gəlişi bayram kimi qarşılanıb.

“Çillə qarpızı” "Şəbi-Yelda" gecəsinin əsas atributlarından hesab olunub. Həmin gecə kəsilən qarpızın kal və ya yetişmiş olması, qışın sərt və ya mülayim keçməsinə işarəymiş. Təəssüflə qeyd etməliyik ki, günümüzdə bu bayram və adətləri kimi, "Çillə qarpızı"da unudulmaqdadır.

Hazırda "Çillə qarpızı" Qərb bölgəsində yalnız Şəmkirdə yetişdirilir. Təbii ki, "Çillələr"lə bağlı olan inanc və deyimlər bununla yekunlaşmır. Bu rəvayətə inansaq, deyə bilərik ki, bizi qarşıda daha soyuq günlər gözləyir... Bəs görəsən həqiqətənmi belədir?

Ulu babaların müşahidələrinə əsasən formalaşan xalq təqviminə görə "Böyük çillə" - 40, "Kiçik çillə" və "Boz ay"isə hərəsi öz növbəsində 20 gün davam edir. "Kiçik çillə"nin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı qeyd olunur ki, bu da artıq başqa bir materialın mövzusudur...
Gülnar Fazilqızı