Gəncədə sakinlər küçə itlərinin artmasından narahatdır. Bu, ötən həftə hazırladığımız materialda da yer almışdı. Biz həmin reportajın ardını araşdırdıq - görəsən sahibsiz küçə itlərinin çoxalmasının səbəbi nədir? Onların qarşısını necə almaq olar?
Son illər sahibsiz küçə itlərinin artma səbəblərindən biri Azərbaycanın 2007-ci ildən Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulmasıdır. Konvensiyanın müddəalarına riayət edən vətəndaşların itlərin öldürülməsinə yox deməsi yaxşı haldır. Amma onların həyət və bacalarda, harda gəldi görünməsinə şərait yaratmaları təəssüf doğurur.
Şəhər sakini: “Zibili gətirirlər, bir addım irəli durub qutuya tökmürlər, kənara atırlar. İtin də sayı-hesabı yoxdur. Axşam və səhər itin əlindən durmaq olmur”.
Şəhər sakini: “Gecələr gedə bilmirik, indi yoxdular, amma axşamlar çox olurlar”.
Şəhər sakini: “Ən çox axşamüstü, bir də səhərlər gəlirlər. Axşam şər qarışanda itin əlindən o tərəfə keçə bilməzsən. Saat 7-8 dən sonra evdən çıxmaq olmur. 1 deyil, 5 deyil, sürüylə gəlirlər. Biri hürdümü, hamısı tökülüb gəlir”.
Küçə itlərinin sözügedən vaxtlarda kütləvi görünməsi heç də təsadüfi deyil. Çünki, əksər evlərdə zibillərin atılması da elə axşam və səhər saatlarına təsadüf edir. Bundan başqa...
İrşad Abbasov- müstəqil ekspert: “Bərk məişət tullantılarının idarə olunması elə mükəmməl səviyyədə olmalıdır ki, həmin heyvanlar zibil qutularına da müdaxilə edə bilməsin, dağıtmasın. Əslində zibillər qutuya yox, kənara atıldığına görə sahibsiz küçə itləri tərəfindən dağıdılır. Bu, artıq sahibsiz heyvanların problemi deyil, bu, məişət tullantılarının idarə olunma problemidir”.
Tullantıların hara gəldi atılması da, yarımçıq tikililər də küçə itləri üçün əlverişli məkana çevrilib. Daha bir səbəb açıq şəraitdə ət kəsimi və satışının həyata keçirilməsidir. Belə yerlərdə olan tullantılar həmin ərazilərə itləri kütləvi şəkildə cəlb edir.
İrşad Abbasov- müstəqil ekspert: “Hərə bir yer düzəldir, orada kəsim aparırlar. Bu, həm gigiyenik cəhətdən, yoluxucu xəstəliklərin yayılması, həm də sahibsiz heyvanların artmasında çox böyük rol oynayır. Bu da artıq həmin heyvanların yox, baytarlıq idarələrinin problemidir - kəsim yerləri düzgün idarə olunmur”.
Səbəblərdən biri də sahibli itlərin sonradan küçəyə atılmasıdır.
Mübariz Atakişiyev- kinoloq: “Küçə itləri nə göydən düşüb, nə torpaqdan yaranıb. Onların çoxalma səbəbləri elə insanların özləridir. Evə aparırlar, bir az saxlayırlar, uşaqlar oynadır, sonra da gətirib çölə atırlar. O da olur küçə iti. Həmin götürülən itləri heç olmasa bağlarda saxlasınlar, çöllərə atmasınlar”.
Ölkədə sahibsiz heyvanlar üçün yeganə sığınacaq paytaxt Bakıdadır. Qısa zamandır fəaliyyətə başlayan qurum sahibsiz itlərin çoxalmasının qarşısının alınması üçün addımlar atır.
Billurə Hüseynzadə- İDEA Heyvanlara Qayğı Mərkəzinin baş baytar həkimi: “Mərkəzimiz İDEA heyvanlara qayğı mərkəzidir. Noyabrda açılışı olub, yanvardan qismən fəaliyyətə başlamışıq. Heyvanları qısırlaşdırırıq - dişiləri qısırlaşdırırıq, erkəkləri axtalayırıq. Yanvardan bəri 100-dən çox heyvanda bu proses aparılıb. Bir heyvanın qısırlaşdırmasına dişilərdə bir az artıq vaxt gedir, məsələn, 40 dəqiqə, amma erkək itlərdə 20 dəqiqəlik əməliyyat olur. Mütləq narkoz vasitəsilə həyata keçirilir. Əks halda heyvan ağrıdan şoka düşə və əməliyyat masasında ölə bilər”.
Bölgələrdə də belə mərkəzlərin yaradılmasına ehtiyac var. Küçə itləri zərərsizləşdirilməli, quduzluğa qarşı peyvənd edilməlidir. Ona qədər isə...
İrşad Abbasov- müstəqil ekspert: “…Baytarlıq idarələri tərəfindən həyata keçirilə bilər, prosesi müvəqqəti binalarda aparmaq olar. Daha sonra heyvanlar mütləq götürüldüyü əraziyə buraxılmalıdır. Əks hal
da həmin ərazidə onların yerini başqa sahibsiz itlər tutacaq”.
Ona qədər isə, bu vəzifə sakinlərin, sanitar qaydalara riayət etməyənlərin üzərinə düşür.
Xəyalə Mürsəl
- Baxış: 670