Qəzalar yenə yola çıxanların yolunu yarıda kəsdi. Kimi canından, kimi sağlamlığından oldu. Bu dəfə dəhşətli qəza xəbərləri Qazax, Salyan və Siyəzəndən gəldi.
Qazax rayonunun Xanlıqlar kəndində “Mercedes” və “VAZ 2105” markalı avtomobillər toqquşub. Nəticədə, Cəfərli kənd sakini 29 yaşlı Şahin Heydərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə dünyasını dəyişib. Həmkəndliləri 33 yaşlı Aqif Ömərov və 29 yaşlı Əhəd Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır.
Daha bir qəza Salyan rayonunda olub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisində “VAZ” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan 27 yaşlı Elvin Qasımovun meyiti çıxarılıb və aidiyyatı üzrə təhvil veriblər.
Siyəzəndə baş verən qəzada isə bir nəfərin ağır yaralanıb. “RENO TIR” markalı yük avtomobili ilə “Ford” markalı yük maşını toqquşub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub “RENO TIR” yük avtomobilində sıxılmış vəziyyətdə qalan Rusiya vətəndaşı 41 yaşlı Qatşıyev İbrahim xilas edilib. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktlarla bağlı araşdırma aprılır.
Ruhəngiz Hacızadə
- Baxış: 617