Gəncə parataekvandoçuları kişilər arasında Azərbaycan çempionatından medallarla qayıdıb. Şəhər yığmasının üzvləri 3 müxtəlif əyarlı mükafat qazanıblar.
Əldə olunan mükafatlardan biri gümüş, digər ikisi bürünc olub. Ölkə çempionatının finalında Sahib Xasıyev döyüşüb. Avropa 3-cüsü, beynəlxalq turnirlərin mükafatçısı olan idmançı 61 kq çəki dərəcəsində K 44 kateqoriyasında 2-ci yeri tutub.
Nizami yurdunun komandasının hesabına bürünc medalları Dunay Nuri və Şahmar Quliyev əlavə edib. Onların hər ikisi K 44 kateqoriyasında, amma fərqli çəkilərdə fəxri kürsüyə yüksəliblər. Nuri 61 kq, Quliyev isə 75 kq-da 3-cü olub.
Sahib Xasıyev əvvəlki nəticələrinə əsasən, Azərbaycan yığmasının üzvü olsa da, komanda yoldaşları son çempionatdakı uğurlarına görə millinin düşərgəsinə dəvət alıb bir daha yoxlanacaqlar.
Parataekvando üzrə yarışlar 4 kateqoriyada 3 çəki dərəcəsi üzrə keçirilir.
Orxan Cəfərzadə
- Baxış: 609