Futbol üzrə Azərbaycan Premyer Liqasında sabah qış fasiləsi başa çatır. Klublar həftəsonu 2017-ci ildə ilk rəsmi matçlarına çıxacaq. Mövsümün ikinci yarısı 3-cü dövrənin oyunları ilə start götürəcək.
Gəncənin “Kəpəz” klubu 15-ci turda səfərdə meydana çıxacaq. “Sarı-göylər” Bakıda “İnter”in qonağı olacaq. Tərəflər arasında bu mövsüm ilk iki dövrədə keçirilən oyunlarda qalib müəyyənləşməyib. Rəqiblər paytaxtda 2:2 hesablı qollu heç-heçəyə razılaşıblarsa, Nizami yurdunda keçirlən matçda hesab açılmayıb. “İnter” ilə qarşıdakı matçda “Kəpəz” 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın iki oyunçusu soyuqdəymədən əziyyət çəkdiyindən meydana çıxa bilməyəcək. Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələniblər. Renan Alveş isə cəzalıdır. Gəncəlilərin braziliyalı üzvü ötən ilin sonunda “Qəbələ” ilə səfər oyununda meydandan qovulmuşdu.
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyun öncəsi televiziyamıza açıqlama verib: “Son iki mövsümdə “İnter” ilə aramızda gərgin mübarizə gedir, çox heç-heçələr və minimal hesabla uduzduğumuz oyunlar olub. İlk dövrədə Bakıda oynadığımız matçda qələbəyə biz yaxın idik. Rəqib son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu. Yenə tərəfləri meydanda çətin oyun gözləyir. Xal qazanmaq hər iki komandaya lazımdır. Əgər “İnter” qələbə ilə yerini möhkəmləndirməyə çalışacaqsa, biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq. Turnir cədvəli baxımından gərgin görüş gözlənilir. Əvvəlki matçlardan geri qalmayacaq oyun olacaq. Azarkeşlər də bu mübarizənin şahidi olacaqlar”.
“İnter Arena”da keçiriləcək “İnter” – “Kəpəz” görüşü saat 17:30-da başlayacaq. Oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək. Matc öncəsi Bakı klubu turnir cədvəlində 25 xalla 3-cü, rəqibindən 10 xal az toplayan “dağlılar” isə 6-cıdır.
Azad Rəfi
- Baxış: 458