• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 26.01.2017 15:01

Ceyrançölə yeni su xətti çəkilir, süni göl yaradılır

KepezTV Player

Şəmkirdə yeni yaradılan təsərrüfatların suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində tədbirlər görülür. Bununla rayonda iri taxılçılıq və bitkiçilik təsərrüfatının salındığı Ceyrançöldə daha 8000 hektar sahənin əkin dövriyyəsinə buraxılması mümkün olacaq. Nəticədə isə məhsul istehsalının artımına şərait yaranacaq.

Şəmkir bələdiyyəsinin nəzdində yaradılan Ceyrançöl Məhdud Məsuliyyətli Cəmiyyətinin əkin sahələrində ötən il 500 hektar sahədə taxıl, 650 hektarda şəkər çuğunduru, 120 hektarda isə müxtəlif tərəvəz məhsulları becərilib. Elə ilk mövsümdəcə sahələrdən əldə olunan bol məhsul növbəti il üçün yeni hədəflər açıb. Hazırda 8 min hektar sahənin əkin dövriyyəsinə buraxılması üçün Kür çayından yeni su xəttinin çəkilişi və süni gölün yaradılması üzrə iş gedir.
Rasim Mustafayev- Şəmkir Rayon İcra Hakimiyyətinin Şöbə müdirinin müavini: “Suvarma üçün 730 millimetrli borularla 7 kilometr su xətti çəkilir. Eyni zamanda, tutumu 250 min kubmetr olan süni gölün inşası başa çatmaq üzrədir. Bu işlər davam etdiriləcək. Gələcəkdə əlavə su xəttinin çəkilişi və bir neçə süni gölün yaradılması da nəzərdə tutulub”.
Suvrama suyuna olan ehtiyac tam ödənildikdən sonra sahələrdə kütləvi əkin işlərinə start veriləcək. Yeni sahələrdə əsasən dənli bitkilərin əkininə və meyvə bağlarının salınmasına üstünlük veriləcək.
Rasim Mustafayev- Şəmkir Rayon İcra Hakimiyyətinin Şöbə müdirinin müavini: “8000 hektar sahə əkin dövriyyəsinə cəlb edildikdən sonra 5600 hektarında dənli bitkilər - əsasən taxıl, qarğıdalı, soya və digər bitkilərin, yəni növbəlilik prinsipləri qorunan bitkilərin əkini aparılacaq. 2400 hektar sahədə isə bağçılığın inkişaf etdirilməsi məqsədi ilə müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulur”.
Ötən il Ceyrançölün taxıl sahələrində orta məhsuldarlıq 30 sentner, şəkər çuğunduru isə 35 ton olub.

Natiq Hüseyn