Gəncə şəhərində kitabsevərlər üçün daha bir yenilik həyata keçirilib. “Oxuyan gənclik – sərbəst kitabxana” adlı layihə qiraətsevərlərə şəhərin müxtəlif yerlərində pulsuz kitab oxumaq imkanı yaradacaq. Necə? Gülnar Fazilqızı açıqlayır...
Gəncəçay Park-Bulvar Kompleksində olarkən diqqətimizi bir qutu çəkdi. Yaxınlaşanda gördük ki, bu, əslində kitab rəfidir. Məlum oldu ki, bu rəf bura “Oxuyan gənclik – sərbəst kitabxana” adlı layihə çərçivəsində yerləşdirilib. Bu kitab rəflərindən hər bir şəhər sakini günün istənilən saatında istifadə edə bilər. İstifadə qaydası isə sadədir: rəfə bir kitab qoymaqla, əvəzinə orada olan hər hansı bir nəşri götürmək mümkündür.
Bu kimi rəflər şəhərdə tək bir yerdə deyil. “Kitab götür-kitab qoy” rəfləri şəhərin 10-a yaxın yerində, daha dəqiq Gənclər evi, ADAU-nun yataqxanası və İqtisadiyyat korpusu, Gəncə Dövlət Universiteti, habelə Azərbaycan Texnologiya Universitetinin ətrafında yerləşdirilib.
Kitabları rəflərin yanında da oxumaq olar, “kitab götür-kitab qoy” prinsipi ilə evdə də. Dünya təcrübəsindən yararlanmaqla, ADAU tərəfindən reallaşdırılan layihəni ali təhsil müəssisəsinin tələbələri də müsbət qarşılayıb.
Layihəyə Gəncə Kitab klubu da dəstək verir.
“Oxuyan gənclik – sərbəst kitabxana” layihəsinin rəsmi təqdimatı hələlik gələn ay olacaq. Fevralın 15-dən sonra hər rəfə 20 kitab yerləşdiriləcək. Rəflərdə olan kitablar da bura tələbə və gənclər tərəfindən könüllü olaraq qoyulub. Amma xəsislik edərək götürdüyü kitabın yerinə başqasını qoymayanlar da var.
Qarşımıza çıxan fürsətdən biz də yararlanaq dedik. Rəfə bir kitab qoyub, əvəzinə başqasını götürdük... Unutmayın, Amerikalı yazıçı Rey Bredberinin dediyi kimi, kitabları yandırmaqdan daha dəhşətlisi, onları oxumamaqdır.
Gülnar Fazilqızı
- Baxış: 1019