• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 25.01.2017 12:47

Avropa Gimnatika İttifaqının cari mövsüm üçün tərtib etdiyi təqvimdə Bakıda keçiriləcək Dünya Kuboku önəmli yer tutur

Azərbaycan paytaxtı bu il batut, bədii və idman gimnastikası üzrə yarışlara ev sahibliyi edəcək.

Təqvimdə bədii gimnastika üzrə 13 turnirin təşkili nəzərdə tutulub. Bu yarışlardan ilki aprelin əvvəlində İtaliyanın Pesaroda reallaşacaq. Ayın 21-23-ü tarixlərində anoloji turnir Özbəkistanın Daşkənd şəhərində, 28-30 aralığında isə Bakıda baş tutacaq. Ölkəmiz ötən il də Dünya Kubokunu qəbul etmişdi. Sadəcə, həmin vaxt olimpiya ili olduğundan yarış final statusu daşıyırdı və Odlar yurdundakı yarışdan sonra təqvimdə Rio Olimpiya Oyunları yer almışdı. İndi isə vəziyyət fərqlidir. Komandalar qarşıdakı olimpiya mərhələsi üçün yenidən formalaşmağa başlayıblar. Bu mənada Azərbaycan yığması da istisna deyil.

Təqvim ilində mövsümün ilk yarısının ən böyük yarışı mayda Budapeştdə düzənlənəcək Avropa çempionatı olacaq. Bu ərəfədə daha bir turnir olsa da, bu, Avropa Gimnatika İttifaqının siyahısında yer almayıb. Söhbət İslam Həmrəyliyi Oyunlarından gedir. İslamiada qitə çempionatı ilə demək olar ki, üst-üstə düşür. Oyunlarda bədii gimnastika üzrə mübarizələrin sonuncu günü mayın 16-sı göstərilib. Bundan 3 gün sonra isə Avropa birinciliyi start götürəcək.

Mövsümün ikinci hissəsində daha iki yarış bir-birinin ardınca baş tutacaq.  Olimpiada ilə bağlı bir illik fasilədən sonra dünya çempionatı keçiriləcək. Avqustun 30-da başlayacaq mundial sentyabrın 3-nə kimi davam edəcək. İtaliyada təşkil ediləcək ilin ən önəmli yarışından öncə isə avqustun 19-u 29-u tarixləri aralığında Taypeydə Tələbələrin Ümumdünya Universiadası reallaşacaq. 

Azad Rəfi