Futbol üzrə Türkiyə kubokunda E qrupunun oyunlarına yekun vurulub. Bu qrupun son görüşləri çərçivəsində “Qalatasaray” Türk Telekom arenada “Ərzincanspor”u qəbul edib. Start fitindən dərhal sonra hücuma atılan cim-bom 4 və 10-cu dəqiqələrdə Lukas Podolskinin qollarıyla 2:0 önə keçib. 15-ci dəqiqədə qapıçının qabağa çıxdığını görən qonaqlardan Yasin Dülgər yumşaq mərmini əlcək sahibinin başı üzərindən tora göndərərək hesab arasındakı fərqi minimuma endirib. Arxayınlaşan istanbulular 25-ci dəqiqədə ikinci topu qapılarından çıxarmalı olublar. Ahmet Ergün qarşısıalınmaz zərbəylə tablodakı rəqəmləri eyniləşdirib. Ancaq iki dəqiqədə sonra sarı-qırmızların yeni transferi Rodrigez yenidən komandasını hesabda irəli çıxarıb. Bu qol həm də ilk hissənin nəticəsini təyin edib. Fasiləyədək ev sahiblərindən De Yonq rəqib oyunçuya qarşı kobud hərəkətinə görə qarşısında ikinci sarı vərəqəni görərək komandasını azlıqda qoyub. Buna baxmayaraq ikinci yarıda meydanda nəzarəti tamamilə ələ alan Yan Olde Rikerinkin yetirmələri daha 3 dəfə erzincanlıların qapısına yol taparaq 6:2 qələbə qazanıb. Oyunu yüksək səviyyədə keçirən Podolski 51, 55 və 64-cü dəqiqələrdə fərqlənərək penta-trikə imza atıb. Bununla da 11 xalla qrupda ikinci olan “Qalatasaray” növbəti mərhələyə adlayıb.
Türkiyə kuboku
E qrupu
24 sentyabr
"Qalatasaray" - “24 Erzincanspor” - 6:2
Qollar: Lukas Podolski, 4,10, 51, 55, 64, Rodrigez, 26, - Yasin Dülgər, 15, Ahmet Ergün, 25
Orxan Cəfərzadə
- Baxış: 276