• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 25.01.2017 13:19

Yol qəzaları ölüm və xəsarətlərlə nəticələndi

KepezTV Player

Avtomobillərdən biri yoldan çıxaraq aşdı, digəri ağaca çırpıldı. Ölən və yaralananlar var. Bir başqa hadisədə isə piyada xəstəxanalıq oldu.

Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə sürücü, Bakı şəhər sakini, 51 yaşlı Bəhməniyar Məmmədqasımov və 41 yaşlı Elçin Qəhrəmanov dünyasını dəyişib. Xəsarət alan Bakı şəhəri, Biləcəri qəsəbəsi sakinləri - 38 yaşlı Eldəniz Allahverdiyev, 47 yaşlı Əfqan Nəzərov və 25 yaşlı Asim Çingiz oğlu Xızı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra həmin şəxslər Sumqayıtda yerləşən tibb müəssisələrindən birinə aparılıblar.

Sumqayıt şəhəri, Koroğlu küçəsində 32 yaşlı Elimdar Aslanov “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Fovqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Şöbəsinin Xüsusi riskli xilasetme hissəsinin əməkdaşları əraziyə cəlb olunublar. Onların səyi nəticəsində sürücü deformasiyaya uğramış avtomobildən çıxarılaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardim Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Paytaxtın Xətai rayonunda da yol-nəqliyyat hadisəsi baş verib. Məhəmməd Hadi küçəsində, Ukrayna dairəsi adlanan ərazidə qadın sürücü idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyada 43 yaşlı Rövşən Əlizadə hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, həkimlər həyatı üçün təhlükə olmadığını bildiriblər.

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi yolunun Xaçmazın Qaradağbuduq kəndi ərazisindən keçən hissəsində 27 yaşlı Xaçmaz rayonu, Çarxı kənd sakini Hüseyn Nöhbalayevin idarə etdiyi “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən 9-cu sinif şagirdi Cəlal Səfərovu vurub. Xəsarət alan məktəbli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Camal