Bruselyoz, qarayara və quduzluq. İnsan həyatı üçün təhlükəli hesab edilən xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər Gəncədə də həyata keçirilir. 2 həftəyə yaxındır davam edən şəhərin baytarları həm fərdi, həm də fermer təsərrüfatlarında iri və xırdabuynuzlu heyvanları peyvənd edir. Həmçinin, bruselyoz, xlamidioz, leykoz xəstəliklərinə qarşı serioloji müayinələrin aparılması üçün qan nümunələri də götürülüb və yoxlanılması üçün zona baytarlıq laboratoriyasına göndərilib. Evlərdə saxlanılan itlər isə quduzluq xəstəliyinə qarşı peyvəndlənir. Hazırda Gəncədə 1500-dən artıq iribuynuzlu, 2000-dən çox xırdabuynuzlu heyvan, eləcə də 20 mindən artıq ev quşu saxlanılır. İndiyədək aparılan laborator yoxlamalar zamanı heyvanlar arasında heç bir təhlükəli yolxucu xəstəlik aşkar edilməyib.
Bayandur Rzayev- Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi: “Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq, bu, ildə iki dəfə aparılır. İlin 1-ci və 2-ci yarısında tədbirlər həyata keçirilir. Dövlət proqramında nəzərdə tutulan, infeksion xəstəliklərə qarşı, heyvanlardan insanlara keçə biləcək xəstəliklərə qarşı tədbirlər aparılır. Vətəndaşlardan da xahişimiz budur ki, əgər bizim nəzərimizdən yayınan, nəzarətdən kənarda qalan heyvanlar varsa, mütləq idarəyə müraciət etsinlər. Bu tədbirlərin aparılması çox vacibdir”.
Ruhəngiz Hacızadə
- Baxış: 581