Alimlər müəyyən ediblər ki, yuxusuz gecədən sonra günorta qısa müddətli istirahət, orqanizmin hormonal fonunu normaya sala və insanın əhvalını müəyyən dərəcədə yaxşılaşdıra bilər.
Günorta yuxusunun faydaları
Gecə yuxusu qədər olmasa da, günorta yuxusunun da insan orqanizminə böyük faydası var. Bunu hələ əsrlər əvvəl bilən insanlar günorta yatmağa xüsusi önəm veriblər. Onlar Avropada bu istirahət növünə siesta adını veriblər. Nə qədər qəribə səslənsə də, İkinci Dünya Müharibəsi zamanında İspaniyada bu bir əmr kimi ispanlara tətbiq olunurdu. Onlar saat 1-dən 5-ə kimi dükanlarını bağlayıb, yata bilərdilər. Hazırda, bir çox ərəb ölkələrində bu çox adi bir haldır. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və ta Səudiyyə Ərəbistanında günorta vaxtı nadir hallarda küçədə gəzişən adamları və ya açıq dükan görə bilərik.
Ən keyfiyyətli yuxu
Gün ərzində iki dəfə bədənin temperaturu nisbətən azalır. Biri səhərə yaxın - saat 3 radələrində, digəri isə günortadan sonra – saat 14 - 15 arasında. İnsanlar çox vaxt bunu günorta yeməyinin ağırlığı ilə izah edir. Əslində isə bu, bədənin yuxuya ən meylli olduğu vaxtdır. Hətta bəzi fizioloqların fikrincə belə vaxtlarda yuxu daha keyfiyyətli olur və insan bədəninə uzun müddət yatmaqdan çox daha fayda verir. Burada ən ideal kriteriya orqanizmin insana göndərdiyi siqnallardır. Başqa sözlə, gecə və günorta yatmağın elə də böyük fərqi yoxdur. Əsas odur ki, bədənin tələb etdiyi vaxt, buna daha çox ehtiyac duyduğu vaxt yatasan.
Beyin və bədənin inkişafı
Mütəxəssislər imkanı olan hər kəsə günorta yatmağı məsləhət görür. Amma xüsusilə uşaqlar üçün günorta yuxusu daha vacibdir. Uşaq vaxtı günorta saatlarında alınan keyfiyyətli yuxu, beyin və bədənin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Gecə yuxusu zamanı isə orqanizmdə mürəkkəb biokimyəvi proseslər gedir - bəzi hormonlar və bioloji aktiv maddələr hazırlanır, orqanizm hüceyrə səviyyəsində təmizlənir, yenilənir, gün ərzində qəbul olunmuş informasiya beyin tərəfindən analiz edilir.
Nə qədər yatmaq?
Uşaqların orqanizminin təxminən 1-2 saat günorta yuxusuna ehtiyacı var. Yeniyetmələr üçün isə 20-30 dəqiqə kifayətdir. Amma burda bir vacib məqam var: bəzi insanların yuxusuzluq problemləri olur və onlar hətta gecə də normal yata bilirlər. Bu cür insanlara günorta yuxusu qətiyyən tövsiyə edilmir. Gündüz saatlarında qısa yuxu onları gecə yuxusundan tam məhrum edə bilər.
Əvəzolunmaz gecə yuxusu
Günorta yuxusunun bu qədər faydalı olmasına baxmayaraq, o, gecə yuxusunu tam əvəz edə bilmir. Çünki, bu yuxu yalnız istirahət xarakteri daşıyır və beyinin işini müvəqqəti olaraq yaxşılaşdırır. Amma gecə yuxusunu tam olaraq gündüz yatmaqla əvəz etmək yaxşı nəticələr vermir.
Almaz İbrahimli
- Baxış: 1387