Evlərə və avtomobillərə qənim kəsilməkdə şübhəli bilinirlər. Oğurluq kimi eyibi özünə yaraşdırmaq, onsuz da cəzadır. Qanunun ədalətli əllərinə düşürsənsə, üstəlik azadlığını da itirirsən. Balakəndə evlərə və avtomobillərə qənim kəsilənlər yəqin ki, bunu düşünməyiblər. Ancaq indidən sonra fikirləşməyə vaxtları bol olacaq.
Balakənin Katex və Kortala kəndlərindən olan bir qrup sakin avtomobillərindən ehtiyat hissələrinin, evlərin həyətyanı sahəsindən təsərrüfatda istifadə olunan əşyaların oğurlanması barədə Balakən Rayon Polis Şöbəsinə müraciət ediblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Hənifə kənd sakini, 25 yaşlı Elçin Musayev, Qaravəli kənd sakini, 21 yaşlı Mirvan Qurbanov və Tülü kənd sakini, 23 yaşlı Rəsul İsmayılov saxlanılıblar. Oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.
Vüsalə Camal
- Baxış: 897