• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2196
— 22.01.2017 14:16

Şəmkirdə quldurluq yolu ilə taksi sürücüsünü qətlə yetirən şəxs saxlanılıb (Yenilənib)

KepezTV Player

Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Gəncə sakini Namiq Babayevə kəsici alətlə bədən xəsarətləri yetirib, həyatına son qoyan Seyfəli kənd sakini Eşqin Murtuzov ölkəni tərk edərkən gömrük əməkdaşları tərəfindən yaxalanıb. Sınıq Körpü gömrük məntəqəsində saxlanılan 21 yaşlı quldur Şəmkir rayon polis şöbəsinə təhvil verilib. İş üzrə istintaq araşdırmaları davam edir. Xatırladaq ki, yanvarın 17-də Eşqin Murtuzov Namiq Babayevin avtomobilinə sərnişin qismində əyləşərək, onu Seyfəli kəndinə aparmasını istəyib. Murtuzov kəndin yaxınlığına çatan zaman üzərində götürdüyü kəsici alətlə 59 yaşlı sürücüyə müxtəlif bədən xəsarətləri yetirib, Namiq Babayevin üzərində olan nağd pulu, mobil telefonu, eləcə də "VAZ 2107" markalı avtomobilini götürərək, hadisə yerindən qaçıb. Daha sonra avtomobili həmkəndlisi Kamal Kərimova 500 manata satıb. Taksi sürücüsü Namiq Babayev isə əvvəl Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Gəncədəki özəl tibb mərkəzlərindən birinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  nümayəndəliyinə təhvil verilib. Faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanılıb.

20.01.2017/19:15-ə olan xəbər

Yanvarın 17-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qeydə alınan quldurluq hadisəsində xəsarət alan Gəncə sakini dünyasını dəyişib. Çoxsaylı xəsarət alan 59 yaşlı Namiq Babayev əməliyat edilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 3 gün öncə Namiq Babayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobilə əyləşən şəxs, onu yaşadığı Seyfəli kəndinə aparmasını xahiş edib. Yolun yarısında avtomobilin idarəetməsinə mane olan sərnişin sürücüyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirib. Daha sonra Namiq Babayevi avtomobilindən düşürərək, cibindəki pulu və telefonu çıxardıqdan sonra həmin avtomobilə əyləşərək, ərazidən uzaqlaşıb. Yaralı isə ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğundan Gəncədəki özəl klinikalardan birinə yerləşdirilmişdi. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Sürücü, avtomobil təmiri ilə məşğul olan Kamal Kərimov izahatında maşını həmkəndlisi Eşqin Murtuzovdan 500 manata aldığını bildirib. Hazırda Faktla əlaqədar cinayət işi başlanılıb. RPŞ tərəfindən cinəyətkarın tutulması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

17.01.2017/22:13-ə olan xəbər

Bu gün axşam saat 18:30 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsində quldurluq hadisəsi baş verib. Gəncə sakini, 59 yaşlı Namiq Babayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobilə əyləşən şəxs, onu yaşadığı Seyfəli kəndinə aparmasını xahiş edib. Yolun yarısında avtomobilin idarəetməsinə mane olan sərnişin sürücüyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirib. Daha sonra Namiq Babayevi avtomobilindən düşürərək, cibindəki pulu və telefonu çıxardıqdan sonra həmin avtomobilə əyləşərək, ərazidən uzaqlaşıb.  Yaralı isə ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğundan Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. Dərhal əməliyyata keçən Şəmkir rayon polis şöbəsi əməkdaşlarının səyi nəticəsində Namiq Babayevə məxsus avtomobil tapılıb. Məlum olub ki, hadisəni törədən şəxs onu avtomobil təmiri ilə məşğul olan bir nəfərə 500 manata satıb. Hazırda avtomobili alan şəxs polis şöbəsinə çağrılsa da, quldurluq faktını törədənin kimliyi hələ ki, məlum deyil. Baş verən cinayət faktı ilə əlaqədar istintaq əməliyyat tədbirləri davam etdirilir.

Natiq Hüseyn