• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 21.01.2017 10:22

Çay, yoxsa qəhvə?

KepezTV Player

İnsanları çay və qəhvə həvəskarlarına bölmək olar. Səbəb də odur ki, hər iki içkinin yaxşı dadı var və onların tərkibindəki kofein beynimizlə orqanizmimizə tonus verir. Günün yorğunluğunu çay və ya qəhvə içərək çıxarmağa çalışırıq. Hər ikisinin də hazırlanması bir o qədər də vaxt aparmır. Bəs bu içkilər orqanizmimizə necə təsir edir?

Gümrahlaşdırır

Maye qəbulu insan orqanizmi üçün çox vacibdir. Günə başalayanda gümrah olmaq, yuxudan tez oyanmaq istəyirik. Bunun üçünsə  ya qəhvə, ya da çay içirik, amma hansının da effektli olduğunu bilmirik. Bu yaxınlarda bununla bağlı maraqlı araşdırma aparılıb. Qəhvə və çayın tərkibindəki kofein miqdarı yoxlanılıb. Məlum olub ki, bir fincan qəhvənin tərkibində 80-115 mq, bir fincan çayda isə 40 mq kofein var. Təbii ki, tərkibində daha çox kofein olan qəhvə səhər insanı daha tez gümrahlaşdırır. Amma nəzərə almaq lazımdır ki, kofein bəzi insanlara zərər də verə bilər.

Yuxuya təsiri

Çay və qəhvə arasında bir başqa fərq başımızı yastığa qoyduğumuz anda məlum olur. Gün ərzində eyni miqdarda çay və qəhvə qəbul edən iki insanın yuxuya getməsi üçün lazım olan vaxt fərqlidir. Qəhvə qəbul edənlər daha gec yuxuya gedir və gecə boyu rahat yata bilmirlər. Səbəb kofeinin miqdarının qəhvənin tərkibində çox olmasıdır. Çay isə bu baxımdan daha münasibdir və yuxuya mane olmur.

Faydaları

Çay və qəhvənin ayrı-ayrılıqda insan orqanizminə müsbət təsirləri hər kəsə məlumdur. Gün ərzində bir neçə fincan qəhvə qəbul etmək bədəndə diabet və xərçəng riskini azaldır, ürəyi qoruyur. Çay da bu müsbət xüsusiyyətlərinə görə heç də qəhvədən geri qalmır. Altsheymer, xərçəng kimi xəstəliklərin profilaktikasında  bu içkinin rolu danılmazdır. Düzgün dəmlənilən çay ağrıkəsici xüsusiyyətləri də var.

Psixoloji təsirləri

Çayın insan psixologiyasına müsbət təsir etdiyi düşünülür. Araşdırmalar göstərir ki, mütəmadi olaraq çay qəbul edənlər digər insanlarla müqayisədə stresli anlarda özlərini daha tez ələ ala bilirlər. Həmçinin gün ərzində 3 fincan çay qəbul edənlər, çay içməyənlərlə nisbətən depressiya daha az meylli olurlar. Çay həm də sakitləşdirici təsir göstərir. Hətta bir çox psixoloqlar terapiya müddətində pasientlərinə çay təklif edirlər. Çay ilə müqayisədə qəhvənin  insan psixologiyasına təsiri azdır. Amma ingilis alimlərinə görə qəhvə çox qəbul olunduqda insanda asılılıq yaradır.

Statistika

Statistikaya əsasən dünya ölkələri arasında ən çox çay içən ölkə Türkiyədir. İl ərzində bu ölkədə hər bir insana 7 kq çay düşür. İkinci yerdə 4,2 kq-la Mərakəş, 3-cü yerdə isə 3,2 kq göstərici ilə İrlandiya qərarlaşıb. Ən çox qəhvə içən xalq isə  finlərdir. Finlandiyada ildə adambaşına 12 kq qəhvə istehlak olunur. Norveçdə hər adam 10 kq, İslandiyada isə 9 kq qəhvə qəbul edir. Amma çay və ya qəhvə seçimində birmənalı şəkildə çaya üstünlük verən ölkələr arasında Azərbaycan ön sıralardadır. Özbəkistan, Keniya və Azərbaycanda rəyi soruşulanların 99 faizindən çoxu çaya üstünlük verdiyini deyib.

Almaz İbrahimova