Bu gün Gəncədəki “Şəhidlər Xiyabanı” Memorial Kompleksində 3 rəngli bayrağımızın ucaldılması planlaşdırılır.
Bura, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn edildiyi məkandır – Gəncənin Şəhidlər Xiyabanı. 371 şəhidin uyuduğu məzarlıq 2012-ci ildə həyata keçirilən təmir-bərpa işləri nəticəsində indiki görkəmini alıb. Ucaldılan abidə, alovlanan məşəl - “Şəhidlər Xiyabanı” Memorial Kompleksi Vətən uğrunda canından keçənlərin xatirəsinə ehtiramın göstəricisidir.
Tural Hacıyev- Şəhidlər Xiyabanının direktoru: 1991-1993 -cü illərdə şəhid olanların qəbri ağ mərmərdən idi. Bərpadan sonra hamısı yeni, qara mərmərlə əhatə olundu. Şəkillərinə kimi hamısı yenidən döyüldü, standart qaydalara salındı”.
Elbrus Allahverdiyev Xiyabanda uyuyan 5 Milli Qəhrəmandan biridir. Milli Ordumuzun ilk topçularından olan Vətən oğlu 1993-cü ilin iyununda gedən ağır döyüşlərin birində həlak olub.
Daha bir Milli Qəhrəman, 1953-cü il təvəllüdlü Ənvər Arazov. Məhz 20 yanvar faciəsi zamanı Gəncəyə rus ordusunun gəlməsinin qarşısının alınmasında iştiak edib, daha sonra silaha sarılaraq könüllü surətdə döyüşə gedən alay komandiri.
1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndində gedən döyüşlərdə ölüm-dirim savaşına atılan Milli Qəhrəman Pərviz Səmədov isə ermənilər tərəfindən vurulan "təcili yardım" vertolyotunun ekipajını xilas edə bilsə də, özü snayper gülləsinə tuş gəlib.
Ağdərə uğrunda gedən döyüşlərdə 28 nəfərin həyatını xilas etdiyi tarix – 1992-ci ilin 2 avqustu Milli Qəhrəman İqor Makayevin son döyüş günü olub.
Ölümündən iki ay sonra Milli Qəhrəman adına layiq görülən Şahlar Hüseynov Tərtər rayonunda gedən döyüşlər zamanı düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv edib.
Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Sevda Cabbarova isə bu xiyabanda uyuyan yeganə şəhid qadındır. Uşaq yaşlarında valideynlərini itirən Sevda, kimsəsiz olduğu üçün uşaq evində böyüyüb. Dəqiq məlumatlar olmadığına görə isə atasının adını müəyyən etmək mümkün olmayıb.
Kimliyi bilinməyən, 49 naməlum şəhidin də şücaətinə şübhə yoxdur. Çünki onlar ən uca zirvəni, ən ali rütbəni seçiblər. Rahat uyuyun Vətən oğulları, bu dövlətin keşiyini çəkən igid qardaşlarınız sayəsində qanınız yerdə qalmayacaq! Büründüyünüz o üçrəngli bayraq tezliklə uğrunda canınızdan keçdiyiniz torpaqlarda dalğalanacaq!
Xəyalə Mürsəl
- Baxış: 1185