Gəncənin Heydər Əliyev prospektində bir abidə var. Üzərində bağrı dəlinmiş bir qəlb... Bu qəlbə həkk olunan simalar, 27 il əvvəl səslənən fəryadın səssiz şahidləridir... Baxırıq və 90-cı ilin soyuq qış günündə baş vermiş o hadisə tarixin tozlu səhifələrindən ayrılaraq, yenidən gözlər önündə canlanır. Düzdür, tarixin tozlu səhifələri deyirəm, amma Azərbaycan xalqının əzmi, boyunəyməzliyi, vətən sevgisi və azadlıq eşqi ilə yazdığı heç bir səhifə tozlu deyil, heç vaxt yaddan çıxmır... Unudulmur, unutdurulmur...
Əksəriyyət, 90-cı ilin 19-20 yanvar tarixlərində baş verənləri, bu faciənin il dönümü ərəfəsində xatırlayır. Lakin bəziləri üçün həmin günlərdə yaşananlar, Azərbaycan xalqına yaşadılanlar 27 il əvvəl yox, dünən baş vermiş kimi təzədir. Belə insanlardan biri də Hikmət Əmiraslanovdur.
Bəli, 70 ilin "böyük qardaş"ı, "kiçik qardaş"ının üstünə zirehli texnika yeridir. Onu öz qanında boğmaq üçün... Edir də...
Və beləliklə, 1990-cı ilin 20 Yanvar günü Azərbaycan xalqının tarixinə və yaddaşına qanlı hərflərlə, dəhşətli hadisələrin yaşandığı gün kimi yazılır... Həmin gecə və sonrakı günlərdə Bakı və ətraf rayonlarda ümumilikdə, 146 nəfər öldürülür ki, onlar arasında Gəncə sakini Valeriy Boqdanov da olur... İndi həmin gün yaşananları onun anası xatırlayır və hər nə qədər çətin olsa da, bizimlə bölüşür.
Valya Boqdanova- Valeriy Boqdanovun anası: "Həmin vaxt oğlum milli təhlükəsizlik orqanlarında çalışırdı. Gecə iki iş yoldaşı və bir sürücü ilə şəhəri yoxlamağa çıxıblarmış. Tbilisi porspekti ilə İnqilab küçəsinin kəsişməsində onların olduğu avtomobil atəşə tutulur. Kim tərəfindən, bilinmir. İş yoldaşlarından biri vurulur və oğlumun üstünə yıxılır. Ondan bir neçə saniyə sonra Valeriy də vurulur".
8-ə 15 dəqiqə işləmiş Tbilisi prospekti ilə İnqilab küçəsinin kəsişməsində atəşə tutulan avtomobildə güllə yarası alanları xəstəxanaya gətirirlər. Valeriy Boqdanov burada 342-ci yaralı kimi qeydiyyata alınır. Əməliyyat olunur, lakin...
Valya Boqdanova- Valeriy Boqdanovun anası: "Düzdür, Bakıda Şəhidlər Xiyabanında onun adına lövhə var, amma oğlumu burada, Gəncədə dəfn etmişik.... Həmin il, dəhşətli bir il idi. 27 il keçib, amma mənə elə gəlir ki, hər şey dünən olub. Mən bir ana kimi, həmin hadisələrin bir daha təkrarlanmasını heç vaxt istəmərəm".
Valeriy Boqdanov ömrünün 31-ci qışında həyata gözlərini yumdu... Həmin gecə qurban edilənlər arasında ondan cavanı da var idi, yaşlısı da. Lakin hamısının istəyi bir idi: azad ölkədə yaşamaq...
"Hər zülmət gecənin bir gündüzü var". Həmin gecə, Azərbaycan xalqının yaşadığı ən zülmət gecələrdən biri idi... və bitdi... İndi biz, həmin gecənin gündüzünü yaşayırıq, aldığımız hər nəfəsdə həmin gecə qurban edilənlərin nəfəsini hiss edərək...
Gülnar Fazilqızı
- Baxış: 658