• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 839
— 19.01.2017 11:06

Cüdo üzrə milli komandalarımızın Avstriyadakı təlim-məşq toplanışı başa çatıb

Kimano sahiblərimizin 47 nəfərlə Mərkəzi Avropa ölkəsində 10 günlük toplanış keçib. Geniş heyətdə əsas, gənclər və paralimpiya yığmalarının üzvləri yer alıb. Toplanışda kişilərdən ibarət millimizin bütün aparıcı üzvləri iştirak edib. Komandanın liderləri, Rio Olimpiadasının gümüş mükafatçıları Rüstəm Orucov və Elmarın Qasımov başda olmaqla heyətdə 9 cüdoçu və 2 məşqçi yer alıb. Mittersil şəhərində təlim-məşq prosesinə paralimpiya yığmamız  6,  qadınlardan ibarət seçməmiz 5 cüdoçu ilə qatılıb. Toplanışda gənclərə daha çox yer verilib. Əsas komandanın əvəzedici heyətinə 15 cüdoçu cəlb olunub. Dünyanın 50-ə yaxın ölkəsindən 850 cüdoçunun iştirak etdiyi təlimdə bir çox tanınmış cüdoçular, olimpiya, dünya və Avropa çempionları hazırlıq keçib. Toplanışda həm fiziki, həm də taktiki-texniki göstəricilər üzərində işlənilib. 

Avstriyadakı təlim məşqin ardından əsas komandamız ilin ilk ciddi yarışında - Fransada keçiriləcək Böyük Dəbilqə turnirində mübarizə aparacaq. Bu turnir üçün artıq millimizin heyəti də açıqlanıb. Yığmamızın yarışda 6 çəkidə 7 idmançı ilə təmsil olunacaq. Fevralın 11-dən 12-dək paytaxt Parisdə reallaşacaq heyətdə 60 kq-da Orxan Səfərov, 66 kq-da Nicat Şıxəlizadə, 73 kq çəkidə Rüstəm Orucov, 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-da Elmar Qasımovla Elxan Məmmədov və +100 kq Uşanqi Kokauri ölkəmizin şərəfini qoruyacaq.

Yarışda ümumilikdə 49 ölkədən 215-i kişi, 130-u qadın olmaqla 345 cüdoçu qüvvəsini sınayacaq.

Orxan Cəfərzadə