Cənub yarımkürəsidə yerləşən Avstraliya materikini, Tasmaniya adası, Hind və Sakit okeanlarında yerləşən bir neçə ada əhatə edir. Sahəsinə görə dünyada altıncı ən böyük ölkə sayılır.
Ondan başlayaq ki, Avstraliya dünyanın ən zəngin ölkələrindəndir. Ümumi daxili məhsulun həcmi 1,2 trilyon dollar, onun adambaşına düşən payı isə 50 min dollardır.
Avstraliyada şəhər daxili nəqliyyat vasitəsini “METRO” adlandırırlar. Lakin, bu qatarlar yerin altı ilə deyil, üstü ilə hərəkət edir. Özü də dəqiq cədvəllə - hər 20 dəqiqədən bir.
İdarəetmə sistemi qeyri-mərkəzləşmə kimi xarakterizə olunur. Məsələn, hər bir ştatda sürücülük vəsiqələrinin alınma prosedurları və yol hərəkəti qaydaları fərqlənir. Bir sıra ştatlar yerli bayramlara malikdir, yay və qış vaxtlarına keçid proseduru da fərqləndirilir. Müxtəlif millətlərdən təşkil olunan ölkə əhalisinin bir hissəsini də aborigen tayfalar təşkil edir. Qəribədir ki, həmin tayfaların nümayəndələrinə vətəndaşlıq hüququ yenicə verilməyə başlayıb. Bu aborigenlərin çoxu hələ də müasir sivilizasiyadan uzaqdırlar.
İnsanların həyat səviyyəsinə görə Avstraliya ilk onluğa daxildir. Ölkənin vətəndaşlarının əksəriyyətinin həyatında əsas hədəf heç də karyera qurmaq deyil. Onlar daha çox əyləncəni, maraqlı vaxt keçirməyi üstün tuturlar. Məsələn, gənclər boş vaxtlarını əyləncə məkanlarında dostları ilə keçirir və ya sörfinqlə məşğul olurlar. Şəhər sakinlərinin geyimində isə əsas amil rahatlıqdır. Burada çoxsaylı millətlərin, dinlərin nümayəndələri yaşadığı üçün geyimlər də fərqlənir. Amma əgər siz işə götürülmək üçün müsahibəyə gedirsinizsə, səliqəli geyinməlisiniz. Əks halda şansınız azdır.
Avstraliyada səhiyyə sisteminin də qəribə özəllikləri var. Həkimlər hətta uşaq üçün çağırışa da gəlmirlər. Təbii ki, burada təcili yardım var, lakin o, ciddi və fövqəladə hallar üçün nəzərdə tutulub. Əgər sizin uşağınız və ya başqa yaxın adamınız xəstələnibsə, özünüz onu götürüb həkimə getməlisiniz. Onu vurğulamaq lazımdır ki, bu qəribəlik avstraliyalıları o qədər də narahat etmir, çünki, onlar nadir hallarda xəstələnir və uzun ömürlü olurlar. İdmana olan böyük maraq da əhalinin sağlamlığına çox müsbət təsir göstərir.
internet olduqca bahadır. Limitsiz ADSL üçün ayda təxminən 60 dollar ödəmək lazımdır. Digər ölkələrdən fərqli olaraq Avstraliyada mobil rabitə də bahadır.
Avstraliyada immiqrantları çox normal qarşılayırlar. Əslində bu ölkədə əhalinin böyük bir hissəsi ya immiqrantdır, ya da immiqrantların övladlarıdır. İnsanların xarakteri barədə onu demək olar ki, burda hamı xoş xasiyyətli və gülərüzdür. Millətlərarası münaqişələr baş vermir. Bu ölkədə təhsil almağa gələn gənclər isə təhsillərini bitirdikdən sonra da istədikləri qədər ölkə ərazisində qalıb, çalışa bilərlər.
Avstraliyanın “milli” yeməkləri arasında ən məşhurları Vegemite və Meat Pie-dir. Dükanlarda kenquru ətinin satılmasına baxmayaraq əhali daha çox xaricdən gətirilən ətlərə üstünlük verir. Böyük marketlərdə alış-veriş zamanı sövdələşmə ilə qiyməti endirmək də olur.
Mədəniyyət sahəsi kifayət qədər inkişaf edib. Təkcə Sidneydə yerləşən dünyaca məşhur operanın adını çəkmək kifayətdir. Hə, bir də... yayın istisində okean sahilindəki çimərlikdə özünüzü günə vermək istəyirsinizsə, bunun tam zamanıdır. Avstraliyada indi yayın qızmar çağıdır.
Almaz
- Baxış: 1150