İmtahan prosesində iştirak bu dəfə Azərbaycan Texnologiya Universitetində təhsil alanların valideynləri üçün təşkil edilib. Qış imtahan sessiyasına tələbələrin necə hazırlıqlı olduğunu KİV nümayəndələri onlarla birgə izləyib.
Yanvarın 5-dən başlayan və fevralın 1-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 3 min nəfərədək bakalavr və magistrantın biliyi qiymətləndirilir. İmtahanlar test üsulu ilə həm kompüter vasitəsilə, həm də yazılı götürülür.
Südabə Kərimova- tələbə: “Bu gün insan resurslarının idarə edilməsindən imtahan veririk. Əvvəlcədən götürdüyümüz suallar əsasında hazırlaşmışıq. Yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik”.
Saləddin Tağıyev- tələbə: “İlk imtahan sessiyasına girirəm. Əvvəl həyəcanım daha çox idi. Suallar və proqramla öncədən tanışlıq, imtahanların şəffaf keçirilməsi həyəcanımı yatırdı”.
İmtahanların mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə etmək üçün "Açıq qapı" təşkil olunub. KİV nümayəndələri və valideynlər auditoriyalarda prosesin gedişini izləyib.
Ziyafət Atakişiyeva- valideyn: “Müəllimlər dərslərə qarşı çox tələbkardırlar. Bunun nəticəsidir ki, mənim övladım yaxşı oxuyur və imtahanlarda yaxşı nəticələr verir”.
İmtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə universitet rektoru yanında qaynar xətt və Apellyasiya Komissiyası yaradılıb.
Akif Süleymanov- AzTU-nun rektoru: “Şikayətlər üçün Qaynar xətt və Apellyasiya Komissiyası yaradılsa da, bura heç bir şikayət daxil olmayıb. Bu da imtahan prosesinin obyektivliyinin və yaranmış obyektiv mühitin nəticəsi olaraq baş verir”.
Mediaturdan sonra valideynlərlə görüşən rektor universitetin inkişafı istiqamətində son dövrdə görülən işlər, həyata keçirilən layihələr, yeni tədris proqramları haqqında danışıb, sualları cavablandırıb.
Xəyalə Mürsəl
- Baxış: 1347