• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 22.11.2016 14:11

Gəncədə uşaq və yeniyetmələr arasında sərbəst güləş üzrə turnir keçirilib

Yarış SSRİ idman ustası Müzadil İmanovun xatirəsinə həsr olunub.

Yerli Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi yarış təntənəli açılış mərasimi ilə başlayıb. Pəhləvanlar zala ritm qrupunun musiqisi ilə daxil olublar. Rəsmi hissədə çıxış edənlər Müzadil İmanovun fəaliyyətinə nəzər salıb, onunla bağlı xoş xatirələrini bölüşüblər. Güləşin milli idman növü kimi ölkəmizdə çox sevildiyi, pəhləvanlarımızın ildən-ilə qazandığı nailiyyətlərdən dolayı Azərbaycan yığmasının dünya miqyasında hegemon komandaya çevrildiyi bildirilib. Turnirin bədii bölümündə cəngi sədaları altında çıxış edən pəhləvanın göstərdiyi nömrələr maraqla qarşılanıb. Bədii hissədən sonra yarışa start verilib. 2003-2005-ci ilə təvəllüdlü güləşçilər 12 çəki dərəcəsində mükafatlar uğrunda mübarizəyə qoşulub. Turnirdə 16 şəhər və rayondan 22 komandanın tərkibində 540 idmançı döşək üzərinə çıxıb. Gəncə mübarizələrdə 6 komandanın sıralarında cəmləşən 250 güləşçi ilə təmsil olunub. Ümumilikdə, yarışda ev sahibləri ilə yanaşı, Bakı, Qazax, Tovuz, Göygöy, Samux, İmişli, Beyləqan, Şəki, Mingəçevir, Ağdaş, Bərdə, Goranboy, Gədəbəy, Yevlax və Kürdəmir idmançıları da çıxış edib.

Səbuhi Məmmədov- yarışın Təşkilat Komitəsinin üzvü: “Müzadil müəllim böyük məşqçilərdən olub, 36-37 il məşqçi işləyib. Bu ilin avqust ayında isə dünyasını dəyişib. Belə bir müəllimin xatirəsini yad etmək üçün böyük yarış təşkil elədik. 540 idmançının arasında heç olmasa, 30-u ölkə çempionu, mükafatçısı və beynəlxalq turnirlərdə fərqlənmişlərdir”.

Yarışın nəticələrinə əsasən, aşağı çəki dərəcələrində - 20 kq-da Muhamməd Məmmədov Zenit Gəncə, 23 kq-da Eltun Məmmədov TİM Gəncə, 26-da Məzahir Məmmədov 2 saylı UGİM Gəncə, 29-da Nihat Mustafayev, 32-də Arzuman Dərgahquliyev hər ikisi Qazax, 35-də İrşad Nəsibli Bərdə və 38 kq-da Ayxan Verdiyev Zenit fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Orta və yuxarı çəkilərdə - 42 kq-da İsmayıl Əsədli 1 UGİM Gəncə, 47-də Qabil Qasımov Təhsil, 53-də Samir Yusifzadə Zenit, 60-da Nicat Əhmədov Qazax və 69 kq-da Şəmkir idmançısı Röyal Şabanov yarışın qalibi olub. Mükafatçılara medal, fəxri fərman və hədiyyələr təqdim edilib.
Azad Rəfi