• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 22.11.2016 15:13

Gəncədə SPEKA-nın İqtisadi Forumu baş tutub

"Azərbaycan BMT-nin fəal üzvlərindən biridir və o, qısa müddətdə həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar qazanıb". UNESCAP-ın icraçı katibinin müavini Kaveh Zahid bu fikirdədir. SPEKA-nın Gəncədə keçirilən İqtisadi Forumunda Azərbaycanın regional roluna da diqqət çəkilib.

Yoxsulluq və aclığın aradan qaldırılması, keyfiyyətli təhsil, gender bərabərliyinin təmin olunması, iqlim dəyişikliyinin qarşısının alınması BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı - SPEKA-nın 17 dayanıqlı inkişaf məqsədlərindəndir. İştirakçı ölkələrdə qarşıya qoyulan məqsədlərə 2030-cu ilədək çatmaq hədəflənir.

Sahil Babayev- İqtisadiyyat nazirinin müavini: “Mən xüsusi olaraq vurğulayım ki, Azərbaycan 2000-ci ildə təsdiq olunmuş minilliyin məqsədlərinin əksəriyyətinə nail olan əsas ölkələrdən biridir. Dayanıqlı inkişaf məqsədləri də bizim üçün 2030-cu ildək əsas hədəfləri əhatə edir. Azərbaycanda təsdiq olunan dövlət proqramları, o cümlədən "Gələcəyə baxış" İqtisadi Konsepsiyamız bu məqsədlərin əksəriyyətini ehtiva edir”.

Azərbaycan BMT-nin SPEKA proqramına 2002-ci ildən üzvdür. Digər iştirakçı ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurulmaqla, proqrama üzv dövlətlərlə iqtisadi-ticarət əlaqələrini daha da genişləndirib.

Kristian Friis Bax- BMT-nin baş katibinin müavini: “İnteqrasiya və əməkdaşlıq Azərbaycanla Orta Asiya arasında həmin bu inkişafı təmin edəcək, ekoloji baxımdan münasib iş yerləri təmin edəcək. Bu da həm ölkələr üçün, həm şəhərlər üçün, həm də bu regionda olan vətəndaşlar üçün faydaldır”.

Elə SPEKA-nın İqtisadi Forumu və Rəhbər Şurasının 11-ci sessiyası üçün Gəncədə toplaşanlar da bu fikirdədir. İştirakçılarla “Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi” istiqamətində məsləhətləşmələr aparılacaq.

Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Sözsüz ki, bu tədbirin keçirilməsi, burada qəbul olunan Gəncə Bəyannaməsi üzv ölkələr üçün gələcəkdə yeni tövfələr verəcək. Bu cür tədbirlərin Gəncədə keçirilməsi qəbulolunandır”.

İqtisadi Forum çərçivəsində "Transsərhəd əlaqələndirmə və bu sahədə islahatlar yolu ilə iqtisadi artımın tarazlaşdırılması məsələləri", "Statistik qiymətləndirmə və potensialın gücləndirilməsinin statistik zərurətləri", "Ətraf mühitin davamlılığı və resursların istifadəsinin səmərəliliyi" məsələləri müzakirə mövzularındandır.

Zahidi Kaveh- UNESCAP-ın icraçı katibinin müavini: “Biz bura su, yoxsulluq, ekoloji və sair problemləri müzakirə etməyə, bu cür problemlərin SPEKA-ya üzv ölkələr tərəfindən hansı şəkildə həll olunduğunu və ya həll oluna biləcəyini müzakirə etmək üçün toplaşmışıq. Ona görə bir araya gəlmişik ki, bu problemlərin ortaq həlli yollarını müəyyənləşdirək”. Azərbaycan BMT-nin fəal üzvlərindən biri olmaqla qısa müddətdə həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar qazandığından tədbirin Gəncədə keçirilməsi qərara alınıb.

İqtisadi Forum öz işinə sabah yekun vuracaq.

Gülnar Fazilqızı