Azərbaycan xalqının milli azadlıq hərəkatının nəticəsidir ki, biz bu gün müstəqil ölkənin vətəndaşlarıyıq. 28 il bundan öncə başlanan dirçəliş yolu Azərbaycanı dünyada söz sahibi edən ölkələrdən birinə çevirib. Bu fikirlər Samuxda Milli Dirçəliş Günü münasibətiylə təşkil edilən dəyirmi masada səsləndirilib. Xalqın Sovet İttifaqının tərkibində olmasına baxmayaraq imperiya əlehinə ayağa qalxması, azadlığını tələb edənlərdən olması əsarətdən qurtulmağın toxumlarını səpdi. Və aparılan mübarizə 71 ildən sonra nəticəsini verdi və xalqın birliyi qalib gələrək müstəqillik əldə olundu.
Kəlbəcərlilər də müstəqilliyin əldə edilməsinə qədər olan yolun Azərbaycan tarixinə milli azadlıq hərəkatı kimi yazılmasının ildönümünü bayram edib. Azadlığı ilk illərində daxili çəkişmələr, müharibə şəraiti qazanılan müstəqilliyin itirilməsi təhlükəsini yaradanda da xalq birlik nümayiş etdirdi və Azərbaycan üçün ən doğru qərarı qəbul etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə 1988-ci ildə başlanılan hərəkatın məntiqi sonluqla tamamlanması üçün yaranan təhlükələr aradan qaldırıldı. Azərbaycan dünya üçün mühüm bir mərkəzə çevrilməklə inkişaf yolunda mətinlə addımladı. Bu günkü nailiyyətlər də milli liderin müəyyənləşdirdiyi siyasi xəttin uğurla icrasının nəticəsində mümkün olub.
Gülnar Fazilqızı
- Baxış: 588