• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1504
— 17.11.2016 16:01

Bakıda “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçirilib

UEFA-nın rəhbərliyi altında reallaşan seminar Azərbaycan paytaxtında 2020-ci ildə Avropa Çempionatının final mərhələsinin 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyıb.

Seminarda PFL və AFFA-nın nəzdində olan stadionların əməkdaşları, Premyer Liqa oyunlarına təyinat alan assosiasiya rəsmiləri və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər. Tədbirə həmçinin Premyer Liqa, I Divizion klublarının mühafizə xidmətinin rəhbərləri, klublarda azarkeşlərlə əlaqələndirici şəxslər, fan-klub nümayəndələri və Daxili İşlər Nazirliyinin əməkdaşları qatılıb. Seminarda Gəncənin “Kəpəz” klubu Tahir Mirzəyev və Elmar Əliyev ilə təmsil olunub.

Tahir Mirzəyev- “Kəpəz” klubunun rəisi: “Seminarda futbol oyunları zamanı baş verən hadisələri videoçarx vasitəsilə göstərirdilər. Belçika, İngiltərə və Fransada yaşanan qalmaqalları nümayiş etdirib mövzu ətrafında müzakirələr apardıq. Vəziyyəti təhlil etdik. Seminar yüksək səviyyədə təşkil edilmişdi”.

Futbol oyunları idman tədbirlərinin içərisində ən kütləvilərdən hesab olunur. Odur ki, stadionlara gələn azarkeş sayının çoxluğu səbəbindən təhlükəsizlik və mühafizə məsələləri ön planda durur.

Elmar Əliyev- “Kəpəz”in fanklublarla iş üzrə əlaqələndiricisi: “Seminarda bildirdim ki, komandamızın ev oyunlarına bəzən 15-17 min azarkeş gəlir. Təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülür. Ona görə də heç bir hadisə baş vermir. UEFA-dan gələn qonaqları Gəncəyə dəvət etdim, hər şeyi öz gözləri ilə görmək üçün noyabrın 27-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyununa gəlmələrini istədim. Çünki oyun qalmaqalsız keçəcək”.

Tədbirin yekunlarına əsasən, iştirakçılara UEFA-nın dəstəyi ilə AFFA tərəfindən keçirilən seminarın sertifikatları təqdim olunub.

Azad Rəfi