• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 16.11.2016 15:29

Tikinti bazarında qiymətlər günbəgün bahalaşmaqdadır

Belə getsə daşı daş üstə qoymaq mümkün olmayacaq. Niyə? Çünki tikinti bazarında inşaat materiallarının qiyməti günbəgün qalxır. Ekspertlər qiymətin hələ tez bir zamanda aşağı düşməyəcəyi qənaətindədirlər. Mövzu Gəncədə araşdırılıb...

Sərdar İsmayılov- alıcı: “Çox bahaçılıqdır, almaq mümkün deyil. Dünən gəlmişəm taxtanın kubunu 260 manata deyirdilər, bu gün gəlmişəm 270 manata deyir. Hər gün qiymət 5, 8,10 manat qalxır. Yaydan bəri taxtanın kubu 70-80 manat qalxıb”.

Alıcıların Gəncənin tikinti bazarlarında üzləşdiyi vəziyyət fərqli deyil. İlk üz tutduğumuz Gəncənin Mərkəzi Stadionun ətrafındakı tikinti materiallarının satıldığı yerdə taxta ilə bərabər sement, qum, dəmir, kərpicdə də qiymət artımı hiss olunur. Ötən aylara nisbətən təxminən 30-40 faiz həddində.

Vahid Musayev- satıcı: “Sərhəd keçən malların hamısının qiyməti qalxıb. Taxta, şifer, fanerka bunların hamısının qiyməti qalxıb. Üç gündə fanerkanın qiyməti 50 qəpik qalxıb. Alıcılıq qabilliyyəti çox zəifdir. Taxtanın kubunu 300-310 manata heç kim gəlib ala bilmir. Alanda dənə-dənə alır, o da gətirənə çox ziyan edir”.

Qiymət artımı vəziyyəti Gəncənin ən böyük inşaat bazarlarından birində də durğun həddə çatdırıb. Digər materiallarla bərabər burada dəmirin də satışı çətinləşib.

Maksim Rüstəmov- satıcı: “Xaricdən gələn bütün malların qiyməti 30-50 faiz yuxarı qalxıb. Bununla əlaqədar olaraq çətinliyimiz əmələ gəlib. Qaz borularını əvvəllər satırdıq 1 manat 40 qəpiyə, indi satırıq 1 manat 60 qəpiyə. 20 qəpik bahalanıb. Dam örtüyü materiallarının hər birində dolların kursu ilə əlaqədar olaraq 30-50 faiz qiymətlər qalxıb. Bu isə alıcılıq gücünü nisbətən aşağı salıb”.

Tikinti bazarında ən çox qiymət artımı isə mişar daşında müşahidə olunur. Satıcıların sözlərinə görə mişar daşları 50-55 qəpik arasıdır. Əvvəllər isə bu qiymət 40-45 qəpik arası olub.

Əli İsgəndərov- satıcı: “Qiymətin qalxmağının səbəbi odur ki, maşının təkəri dollarla gəlib təkərin qiyməti də qalxıb. Bir də Bakıda qiymətləri qaldırıblar. Yerində isə daşı 22, 25, 28 qəpiyə alırıq”.

Ekspertlər də tələb-təklif əsasında formalaşan bazarda qiymətlərə təsir edən amillər sırasında dolların manata nisbətən məzənnəsinin oynadığı rolu əsas götürür

Əli Allahverdiyev- iqtisadçı-ekspert: “Manatın kursunun devalvasiyasından sonra xaricdən gələn malların qiymətinin qalxması ölkədə ümumiyyətlə qiymətin səviyyəsinə təsir göstərdi. Tikinti materiallarının satıcıları satıcı olduqdan sonra alıcıdırlar. Əlbəttə, onların digər həyat səviyyəsinin düşməsi məcbur edir ki, qiymətləri qaldırsınlar. Yəni itirdiklərini buradan qaldırmaq istəyirlər. Ümumi halda təklif mövcud olacaq və tələb dəyişəcəksə, yəni artmayacaqsa gələcəkdə ümumi halda qiymətlərin aşağı düşməsi gözlənilir.”

Tikinti materiallarının ucuzlaşmasına havaların soyuması və buna uyğun olaraq inşaat işlərinin səngiməsi də əsas gətirilir.

Elnur Vahidoğlu