• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2205
— 15.11.2016 18:21

Murad Süleymanov Rusiyada gümüş medal qazandı

Gəncə güləş məktəbinin istedadlı yetirməsi Murad Süleymanov növbəti uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. Sərbəst güləşçi Rusiyanın paytaxtı Moskvada keçirilən Qitələrarası Kubokun mükafatçısı olub.

Komanda yarışı xarakterli beynəlxalq turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparıb. Çəkisini 74-dən 86 kq-a qaldıran Süleymanov dəyişikliyə baxmayaraq yenə mübariz keyfiyyətlərini ortaya qoyub. Murad Azərbaycan yığmasının heyətində qrup mərhələsində əvvəlcə Özbəkistandan olan rəqibinə qalib gəlib, daha sonra isə iranlı güləşçi onunla qarşılaşmaqdan imtina edib.

Süleymanov həlledici görüşdə rus idmançını da döşəkdən məğlub yol salıb. Millimizin Rusiya yığması ilə görüşü 3:3 hesabı ilə yekunlaşsa da, xalların keyfiyyətinə görə isə qalib ev sahibləri olub. Belə də güləşçilərimiz turnirin gümüş medallarına yiyələnib.

21 yaşlı gəncəli güləşçi gənclər arasında Avropa çempionatının qalibi, eyni zamanda gümüş və bürünc mükafatçısıdır. Ötən ildən mütəmadi olaraq əsas milliyə də çağırılan Murad Süleymanov böyüklərdən ibarət Azərbaycan yığma komandasının da üzvüdür. O, bu ayın sonunda Bakıda keçiriləcək Qızıl Qran-prinin final mərhələsində çıxış edəcək.

Azad Rəfi