Cənub regionu ilə tanışlıq. Məktəblilərin payız tətilini mənalı keçirmələri üçün Samux və Şəmkirdən olan şagirdlər aksiyaya cəlb edilib. IX-XI siniflərdə oxuyanlar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısıdır.
Şəmkirli məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısından yola salınıb. Bir neçə ildir təşkil olunan tur-aksiyaların gənclərin ölkənin bölgələrini tanıması baxımından əhəmiyyətinə toxunulub. 40 şagird və 5 nəzarətçidən ibarət qrup 4 gün müddətində cənub bölgəsi ilə yaxından tanış olmaq, tarixi, mədəni abidələr haqqında geniş məlumat əldə etmək imkanı qazanacaq.
Gülçin Xəlilova- məktəbli: “Bu aksiyada iştirak etdiyim üçün çox sevinirəm. Cənub bölgəsini gəzmək mənim üçün çox xoşdur. Gəzinti mənim gələcək həyatımda stimul olacaq. Getdiyimiz bölgəni həmişə televiziyalardan izləmişik. İndi isə canlı tanış olacağıq”.
Samux məktəbliləri də “Ölkəmizi tanıyaq” deyib, Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya yollanıblar. Bölgələrlə tanışlıq xarakteri daşıyan səfərə rayonun orta məktəblərindən 17 şagird çıxıb. Yola salınma mərasimində də əsas diqqət regionlar barədə yeni məlumatların öyrənilməsinə, ölkəmizi daha yaxından tanımağa yönəldilib.
Davud Qarayev- məktəbli: “”Ölkəmizi tanıyaq” tur-aksiyası kiçikdən böyüyə hamının qəlbində vətənpərvərlik hissini oyadır. Biz bu layihə çərçivəsində ölkəmizin bölgələri haqqında kifayət qədər məlumat əldə edə bilirik. Bu, bizim nə qədər tarixi bir millət olduğumuzu sübut edir”.
Ceyhun Mürsəlzadə- qrup rəhbəri: “Şagirdlərlə elə iş aparılıb ki, onlar gedəcəkləri rayonlar haqqında kifayət qədər məlumat əldə ediblər. Amma buna baxmayaraq, həmin rayonlara getmək və öyrəndiklərinin canlı şahidi olmaq uşaqlarda daha geniş təəssürat yaradacaq”.
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra aksiya iştirakçıları təyinat məntəqəsinə yola salınıb.
Natiq Hüseyn
- Baxış: 576