Hər zaman maraqlı və gərginliyi ilə diqqət çəkən derbilərdə bu dəfə “Şəmkir” və “Göyəzən” komandaları üz-üzə gəlib. Mövsümün əvvəlindən iddiasını ortaya qoyaraq turnir cədvəlinin yuxarı yerləri uğrunda mübarizə aparan meydan sahiblərinin autsayder üzərində asan qələbə qazanacağı proqnozlaşdırılsa da, qazaxlılar rəqibə qarşı ciddi müqavimət göstəriblər. Ancaq çətin keçən görüşdə “Şəmkir” minimal hesabla qalib gələ bilib. 64-cü dəqiqədə İlqar Hüseynovun yeganə qolu komandasına 3 xal qazandırıb.
Qəhrəman Əliyev- "Şəmkir"in baş məşqçisi: "Ağır oyun oldu. Bölgənin ən yaxın komanları arasında mübarizə gərgin keçir. Qazax klubu autsayderlər mövqeyində olmasına baxmayaraq, bu gün döyüşkən oyun göstərdi. Ancaq ərazi üstünlüyü bizim tərəfimizdəydi. Təəssüf ki, əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Komandamın oyununa gəldikdə, mən razı qalmadım. Artıq 3-cü görüşdür ki, komanda öz oyununu tapmır. Tələskənlik var. Bunların üstündə işləmək lazımdır".
Görüş zamanı bəzi futbolçuların oyunu klub rəhbərliyini qane etmədiyindən baş məşqçi ilə rəsmilər arasında söz atışması yaşanıb. Məşqçinin işinə müdaxilə edən rəsmilər çalışdırıcıdan narazı qaldıqları oyunçunun əvəzlənməsini tələb ediblər. Belədə Ruslan Voronsovu dəyişən Qəhrəman Əliyev oyundan televiziyamıza verdiyi müsahibədə əvəzetməyə başqa səbəb göstərib.
Qəhrəman Əliyev- "Şəmkir"in baş məşqçisi: "Qıraqdan göstəriş veriləndə, məşqçinin işinə müdaxilə olunanda məşqçi də istədiklərini edə bilmir. Mənə elə gəlir ki, bizim prezidentimiz müdaxilə yox, sadəcə futbolçuya göstəriş formasında dedi ki, qaçsın, işləsin. Taktiki göstəriş verilmədi ki, mənim işimə müdaxilə olunsun. Mənim işimə heç kim müdaxilə etmir. Sərbəst öz işimdəyəm. Ruslan Voronsov haqda klub rəhbərliyi ilə dialoq olmadı. Onu dəyişib, dəyişməməklə bağlı köməkçimlə söhbət etdim. Vorosov dedi ki, oyunum getmir. Biz oynaya bilmədiyi üçün onu dəyişməyə məcbur olduq."
10 turdan sonra “Şəmkir” 19 xal toplayıb. Bu göstəriciylə qərb klubu turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Orxan Cəfərzadə
- Baxış: 436