• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 07.11.2016 16:52

Kəpəz Gəncədə qələbə qazana bilmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunları keçirilib. Turun ilk matçı Gəncədə oynanılıb.

“Kəpəz” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Zədə və cəzalılar səbəbindən oyuna itkilərlə çıxan “sarı-göylər” buna baxmayaraq qələbə qazanmaq iddiasında olub. İlk 15 dəqiqəyə kimi ev sahibləri iki epizodda qola yaxın olsalar da nə Şəhriyar Rəhimov, nə də ki, Julien Ebah adını protokolun qol bölümünə əlavə edə bilməyib. Qonaqlar da cavabsız qalmayıb. 23-cü təsadüf edən künc zərbələrindən birində Tadas Simaitis mövqeyində inamlı oynayıb. Birinci hissəsinin sonunda Serjinyo “Sumqayıt”ın müdafiə xəttini təkbaşına yarmağa cəhd edib və onun cəhdi uğurlu alınıb. Gəl ki, portuqaliyalı futbolçu son nöqtəni qoya bilməyib.

İkinci yarının əvvəli gənclik şəhərinin komandasının üstünlüyü ilə başlayıb. 47 və 49-cu dəqiqələrdə sumqayıtlılar Simaitisi yerində narahat ediblər. Hər iki epizod Xəyal Nəcəfovun adı ilə bağlı olub. Amma Tadas yenə komandasının xilaskarı rolunu alıb. Oyunun 61-ci dəqiqəsində “Kəpəz” azlıqda qalıb, Kərim Diniyev kobud oyuna görə önündə qırmızı vərəqə görüb. Amma gəncəlilərin azlıqda qalmasından rəqib yararlana bilməyib. Şahin Diniyev yetirmələri isə 10 nəfərlə qaldıqdan sonra qələbə qazanmağa yaxın olublar. Meydana sonradan daxil olan Nicat Qurbanovun zərbəsi təhlükəli alınıb.

Son nəticədə oyun qolsuz bərabərliklə sona çatıb. Xallarının sayını 12-ə çatdıran Nizami yurdunun təmsilçisi 5-ci pillədəki mövqeyini qoruyub.

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi:  “Oyun gərgin şəraitdə keçdi. “Sumqayıt”la matçlarımız belə keçir. “Kəpəz”in heyətində böyük problemlər var, buna görə də əvəzedici komandadan futbolçular çağırmışdıq. Beş oyunçunun birdən-birə olmaması öz təsirini göstərir. İlk yarıda qol vəziyyətlərindən istifadə edə bilmədik, fasilədən sonra isə azlıqda qaldıq. Bundan sonra arxa xəttə fikir verməyə başladıq. Bu bir xal da, xaldır. Çempionatın sonunda bu xal bizə lazım olacaq. Çoxdan oynamayan uşaqlar meydançaya çıxmışdılar, məncə, pis oynamadılar. Cəzalı və zədəli olanlar heyətə qayıtdıqdan sonra komanda öz oyununu tapacaq və qələbələr olacaq. Kərimin ikinci sarı vərəqə almasına görə təəssüflənirəm. Sonuncu epizodda topa müdaxilə idi, sarını verməmək olardı. Qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq”.  

Azad Kərimov- “Kəpəz”in futbolçusu: “Oyun çətin keçdi. Meydançanın vəziyyəti ideal olmasa da, şərait hər iki komanda üçün eyni idi. Azlıqda qaldıqdan sonra da mübarizəmizi davam etdirdik, təslim olmadıq, vuruşduq. Bizə qələbə lazım idi. Buna da şükür. Bir xal da pis deyil. “Qarabağ”la oyuna ciddi hazırlaşıb yaxşı nəticə əldə etməyə çalışacağıq. Məşqçilər korpusu mənə əsas heyətdə oynamaq üçün yer verib, fikrimcə, özümü pis göstərmirəm. Belə çıxış etməyə çalışacağam”.

Şəhriyar Rəhimov- “Kəpəz”in futbolçusu: “Bizim “Zirə”yə acı məğlubiyyətimizdə qırmızı vərəqə oyunumuza təsir etmişdi. Əfsuslar olsun ki, yenə azlıqda qalmağımız planlarımızı pozdu. Halbuki oyuna 3 xal üçün çıxmışdıq. Gəncədə, öz azarkeşlərimizin önündə oynadığımdan qələbə qazanmağa məcbur idik. Birinci hissədə pis təsir bağışlamadıq. 2-3 qol vəziyyətimiz oldu. Azlıqda qaldıqdan sonra bir az üstünlük rəqibin tərəfinə keçdi. Bu da normal bir şeydir, say üstünlüyü onların xeyrinə idi. Məncə, heç-heçə hardasa ədalətli nəticə idi”.

Tural Nərimanov- “Kəpəz”in futbolçusu: “Oyundan öncə də bilirdik ki, çətin, ağır qarşılaşma olacaq. Matçın gedişi gözləntilərimizi ortaya qoydu. Əlbəttə ki, evdə oynadığımızdan məqsədimiz qələbə qazanmaq idi. Həm xal ehtiyatını artırmaq, həm də azarkeşləri sevindirmək istədiyi ilə meydana çıxmışdıq. Amma alınmadı. İkinci hissədə komanda yoldaşımızın qırmızı vərəqə alması işimiz çətinləşdirdi. Bundan sonra çalışdıq ki, heç olmasa qapımızdan qol buraxmayaq. Bunun da öhdəsindən gəldik. Qarşıdakı oyunlara ciddi hazırlaşıb qələbə qazanmağa çalışacağıq”. 

Azad Rəfi