• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1456
— 02.11.2016 12:33

Gəncədə şahmat üzrə zona birinciliyinə yekun vurulub

Təhsil Respublika İdman Mərkəzinin Gəncə Şahmat Dama Məktəbində keçirdiyi zona birinciliyi başa çatıb. Regionun ən güclülərinin müəyyənləşdiyi yarışda 14 komandanın tərkibində 119 şahmatçı zəkasını yoxlayıb. Birincilikdə 6 yaş qrupunda həm qız, həm də oğlanlar mübarizə aparıb. Yarışın yekunlarına əsasən, 7 yaşlı oğlanlarda Bakı idmançısı Murad Mehdizadə, qızlarda Gəncəni təmsil edən Səadət Bəşirli qalib olub. 9 yaş kateqoriyasında mingəçevirli iti zəka sahibləri Nicat Mansurovla Qönçə Səfərova bütün rəqiblərini qabaqlayıb. Gəncəli Natiq Əliyev və Mingəçevir şahmatçısı Aysel Səlimova 11 yaşlılarda ilk pillədə qərarlaşıb. Samuxdan 13 yaşlılar arasında Sədat Yusifov, Gəncədən Nəzrin Həsənova, 2 yaş böyüklərdə mingəçevirli Məhəmməd Əliyev və gəncəli Zeynəb İsmayılzadə rəqibləri üçün əlçatmaz olub. 17 yaş qrupunda isə Fuad Abdullayev Samux və  Ülviyyə Vəliyeva Qazax yarışda birinci yerə çıxıb.

Asif Həsənov- Gəncə Şahmat-Dama Məktəbinin direktoru: "Bu yarışın ən vacib əhəmiyyəti ondan ibarətdir ki, yeniyetmə şahmatçılarımız Azərbaycanı beynəlxalq arenada təmsil etmək şansı qazana bilərlər. Həqiqətən zona birinciliyi iti zəka sahiblərinin karyeralarında mühüm rol oynayır. Hesab edirik ki, bu cür yarışlardan kifayət qədər perspektivli şahmatçılar çıxaraq ölkəmizi beynəlxalq turnirlərdə təmsil etmək hüququ qazanır."     

Zona birinciliyinin sonunda ilk 3 pillədə qərarlaşan şahmatçılar respublika yarışının finalına vəsiqə qazanıb. Həlledici mərhələdə birinci yerin sahibi dünya, ikinci mövqedə qərarlaşanlar isə Avropa birinciliyində iştirak edəcəklər.

Orxan Cəfərzadə