• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 21.10.2016 15:02

Gəncə Olimpiya İdman Kompleksində yeni oturacaqlar quraşdırılıb

Gəncə Olimpiya İdman Kompleksində cari təmir işləri aparılır. Əsaslı təmirə ehtiyac duyan idman qurğusunun birinci korpusunda yeni oturacaqlar qoyulub.

Ölkəmizdə ilk müasir tipli bədən tərbiyəsi və idman müəssisələrindən olan Gəncə Olimpiya İdman Kompleksi 2002-ci ildə istifadəyə verilib. Ötən müddət ərzində kompleksdə ayrı-ayrı illərdə müəyyən təmir işləri aparılıb. Və bu işlər mərhələli şəkildə davam etdirilir. Son olaraq olimpiya mərkəzində zalların oturacaqları yeniləri ilə əvəzlənib.

Tengiz Novruzov- Gəncə Olimpiya İdman Kompleksinin direktoru: “Bundan öncə olan oturacaqların müəyyən hissəsi sıradan çıxmışdı. Ona görə yenisi ilə əvəz etdik. Böyük zalımızda 1000, kiçik zalda 500 oturacaq qoyulub. Təmirdən sonra gələnlər görür ki, zalın görünüşü yaxşıdır”.
Böyük zalda əsasən topla oynanılan kollektiv idman növləri, kiçik zalda isə fərdi döyüş növləri üzrə məşqlər və yarışlar keçirilir. Gəncə Olimpiya İdman Kompleksinə qoyulan yeni plastik oturacaqlar yerli istehsal olsa da, keyfiyyət baxımından yaxşıdır. Oturacaqlar həm parlaqlığı, həm də hazırlanma materialı ilə seçilir.

Bu oturacaqlardan Bakıda keçirilən nüfuzlu beynəlxalq turnirlərə ev sahibliyi edən arenalarda da qoyulub. Odur ki, keyfiyyət nişanı şübhə doğurmur.

Tengiz Novruzov- Gəncə Olimpiya İdman Kompleksinin direktoru: “Oturacaqların keyfiyyəti yaxşıdır. Hardasa bir ay olar qoymuşuq. Top da dəyir, uşaqlar da istifadə edir, problem yoxdur”.

Oturacaqların qoyulması ilə yanaşı, kompleksdə müəyyən təmir işləri də görülüb.

Tengiz Novruzov- Gəncə Olimpiya İdman Kompleksinin direktoru: “Parketdə bəzi cürümüş yerlər vardı, təmir edib rənglədik. Vəziyyət yaxşıdır. Hazırda istilik sisteminin təmiri üzərində işləyirik”.

14 ildir ki, fəaliyyət göstərən kompleksdə olimpiya və qeyri-olimpiya növləri üzrə 25 qrupda müxtəlif yaş kateqoriyasından olan 1000-ə yaxın idmançı məşğul olur.

Azad Rəfi