Yarışın 1/16 final mərhələsində 2 oyun keçirilib və hər iki görüş birinci divizion klublarının iştirakı ilə baş tutub.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda reallaşan matçda rayon eyniadlı komandası “Qaradağ Lökbatan”la qarşılaşıb. Kubokda mərhələ adlamağa çalışan tərəflər oyuna istəkli başlasalar da, xeyli müddət qol vurmaqda çətinlik çəkiblər. Yalnız ilk yarının sonlarına doğru azarkeşləri həyacanlandırmaq mümkün olub. Hesabı qonaqlar açıb. 42-ci dəqiqədə Rüfət Məmmədov “qırmızı-ağlar”ı məyus edib. Amma “Qaradağ Lökbatan” futbolçularının sevinci uzun sürməyib. Cəmi iki dəqiqə sonra “Şəmkir” hesabı bərabərləşdirib. Sol cinahdan qapı önünə havalandırılan topu hündür boyu ilə diqqət çəkən iranlı legioner Şahin Baleljae başla qapıdan keçirib.
Oyunun ikinci hissəsi qarşılıqlı hücumlara səhnə olub. Ev sahiblərinin bütün cəhdlərinə baxmayaraq Bakı klubu mərhələ adlayıb. Hamının oyunun əlavə hissələrə qədər uzanacağını düşündüyü bir vaxtda Bəxtiyar Soltanov əks-hücumu qolla tamamlayıb – 1:2.
Bəxtiyar Soltanov- “Qaradağ Lökbatan”ın futbolçusu: “Necə oyun idi ki, çempionatda işlərimizi yaxşı getmirdi, 3 oyun uduzmuşuq. Ona görə bizə qara zolaqdan çıxmaq lazım idi. Düzdür, oyun istədiyimiz kimi başlamadı. Qol vursaq da, az sonra buraxdıq. Amma ikinci hissə toparlanıb qələbə qazandıq”.
Oyundan sonra keçirilən mətbaut konfransında “Şəmkir”in baş məşqçisi Qəhrəman Əliyev məğlubiyyətə səbəb axtarıb.
Qəhrəman Əliyev- “Şəmkir”in baş məşqçisi: “Meydana dəyişib buraxdığım futbolçular oyunumuza güc qatmalı idilər. Təcrübəli Rövşən Əmiraslanovu meydana buraxdım ki, onun ötürmələrindən istifadə edək. İrəlidə hündürboylu hücumçumuz vardı. Əvəzetmələr oyunu sürətləndirmədi, görüş əksinə sönük alındı”.
Birinci divizionda inamlı çıxışı ilə seçilən "Turan Tovuz" Azərbaycan kubokunda da uğurlu nəticəyə imza atıb. Tovuzlular kubokun 1/16 final mərhələsində “Bakılı”nı məğlub edərək 1/8 finala vəsiqə qazanıblar. İlk yarımsaatın tamamında Rəhman Musayev Bakı klubunu cəzalandırıb. İkinci hissədə azarkeşlərin də dəstəyilə böyük qüvvə ilə irəli atılan tovuzlular rəqib qapısını atəşə tutublar. Əvvəlcə 61-ci dəqiqədə Tapdıq Əliyev hesab arasındakı fərqi artırıb. Bu qoldan 6 dəqiqə sonra ev sahiblərinin ən sərrast oyunçusu olan Rəhman Musayev fərqlənib. Hücumçu bu mövsümdə çempionat və kubok matçları da daxil olmaqla 8-ci qolunu vurub. Oyunda son nöqtəni Tuqay Alhüseynli qoyub. 4:0. Böyükhesablı qələbə ilə mərhələ adlayan qərb komandası Premyer Liqa təmsilçisi “Zirə”yə rəqib olub.
Azad Rəfi
- Baxış: 334