• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 12.10.2016 16:32

Təhsil idman məktəblərinin futbol yarışı başa çatıb

Gəncədə Təhsil idman məktəbləri arasında keçirilən futbol üzrə respublika yarışının final mərhələsinə yekun vurulub. Birincilik bir həftə davam edib. 2003-cü il təvəllüdlü futbolçular arasında təşkil olunan yarışın final mərhələsinin ev sahibliyi ilk dəfə Nizami yurduna həvalə olunub. Bunadək həlledici oyunlar Bakı və digər regionlarda keçirilib.

Final mərhələsində 6 zonanı təmsil edən 12 komanda qüvvəsini sınayıb. Kollektivlər hərəsində 6 komanda olmaqla 2 qrupda mübarizə aparıblar. Yarışda Gəncə komandası ilə yanaşı, Bakı, Sumqayıt, Qax, Ağsu, Bərdə, Ağdam, Tovuz, Astara və Lənkəran təmsilçiləri də iştirak edib.

İntiqam Hüseynov -TRİM-in Gəncə filialının direktoru: "Yarışlara bütün şəhər və rayonlardan komandalar qatılmışdı. Biz əlimizdən gələni etdik ki, komandaların qarşılanması, yerləşdirilməsi və eyni zamanda bu yarışın yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şərait yaradaq. Hər şeyi qənaətbəxş hesab etmək olar. Mərkəz rəhbərliyi də yarışın təşkilindən razı qaldı. Nəzərdə tuturuq ki, gələcək də futboldan başqa digər idman növlərindən təşkil edilən yarışların final mərhələsinin Gəncədə keçirilməsinə nail olaq".

Yarışın son günü ilk olaraq 3-cü yer uğrunda qarşılaşma baş tutub. Bu oyunda Sumqayıtın UGİM-i - Bakının Təhsil komandası ilə üz-üzə gəlib. Daha yaxşı təsir bağışlayan gənclik şəhərinin təmsilçisi 2:0 hesabıyla qələbə qazanıb. Həlledici görüşdə isə Gəncə TİM paytaxtın Vətən komandası ilə qarşılaşıb. Meydan sahibləri rəqibini penaltilər seriyasında 5:4 hesabıyla üstələyərək Təhsil kubokuna yiyələniblər. Sonda ilk 3 pillədə qərarlaşan komandalar diplom və kubokla təltif edilib.

Orxan Cəfərzadə