Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman məktəblərinin futbol komandaları arasında respublika yarışının final mərhələsi başlayıb. Zonaların ən güclüləri ölkə üzrə qalibi Gəncədə müəyyənləşdirir.
Oyunlardan öncə təşkil edilən həllecidi mərhələnin açılış mərasimində böyük futbola gedən yolun bu kimi yarışlardan keçdiyi bildirilib. Peşəkar klubların seleksiyaçı məşqçilərinin oyunları izləyərək seçim etdiyi və bunun yeniyetmələr üçün bir şans olduğu vurğulanıb. Rəsmi hissədən sonra oyunlara start verilib. Final mərhələsində 6 zonanı təmsil edən 12 komanda iştirak edir. Kollektivlər hərəsində 6 komanda olmaqla 2 qrupda növbəti mərhələyə adlamaq üçün mübarizə aparır. 2003-cü il təvəllüdlü futbolçular arasında təşkil olunan yarışın final mərhələsinin ev sahibliyi ilk dəfə Nizami yurduna həvalə olunub.
İntiqam Hüseynov -TRİM-in Gəncə filialının dierktoru: "Təhsil Nazirliyinin idman məktəbləri arasında futbol yarışın zona mərhələsi də məhz Gəncə şəhərində, Təhsil Respublika İdman Mərkəzinin bazasında təşkil olunub. Bu oyunların yüksək səviyyədə keçirilməsi və bazanın vəziyyətinin yaxşı olması məhz final mərhələsinin də Gəncədə keçirilməsinə səbəb oldu. Biz bundan sonra da çalışacağıq ki, bu cür tədbirlər məktəbimizdə tez-tez keçirilsin və bu yöndə əlimizdən gələni edirik".
Yarışda Gəncə komandası ilə yanaşı, Bakı, Sumqayıt, Qax, Ağsu, Bərdə, Ağdam, Tovuz, Astara və Lənkəran təmsilçiləri də çıxış edir.
Yadigar Həmidov - yarışın baş hakimi: "Biz bu yarışda oyunların hamısını izləyirik və görürük ki, burada istedadlılar çoxdur. Gələcəkdə Azərbaycan Premyer Liqasında, hətta xarici ölkələrdə ən öndə gedən klublarda çıxış edə biləcək yeniyetmələrimiz var".
6 gün davam edəcək yarışa oktyabrın 12-də yekun vurulacaq. Son oyun günündə final qarşılaşması və 3-cü yer uğrunda görüş baş tutacaq.
Orxan Cəfərzadə
- Baxış: 921